Noyabrın 27-də “Baku Interior Awards: Azərbaycanın ən yaxşı ofisləri” memarlıq müsabiqəsi keçiriləcək.”Boulevard Hotel Baku”-da təşkil olunacaq təntənəli mərasimin iştirakçıları sırasında Azər Türk Bank da var. Bankın Bakı şəhəri, Bülbül prospekti 44 ünvanında yerləşən “Mərkəz” filialının ofisinin daxili dizaynı müasir memarlıq nümunəsi kimi “Baku Interior Awards” müsabiqəsində nümayiş olunacaq.
Dizaynın aktual problemlərinə və müasir biznes sahələrinin idarə edilməsinə həsr olunmuş tədbirin sərgi hisəsində ofislər üçün aparıcı istehsalçılardan və təchizatçılardan qabaqcıl həllər, həmçinin Azərbaycanın müasir arxitekturası və biznes üçün interyer nümunələri sərgilənəcək.
Konfrans-sərgi Azərbaycan Arxitektorlar İttifaqı, “Global Interiors Group”, “Workplace interiors”, “Milliken”, “Interface” kimi şirkətlərin və Azərbaycan Yaşıl Tikinti Şurasının dəstəyi ilə keçiriləcək. Tədbirdə Azər Türk Bankla yanaşı SOFAZ, Yarat, Azercosmos, Azerbaijan Supermarkets, Baku White City, EY, KPMG, Dreamland, Blue Planet, Global Interiors Group, IDEA, Leo Burnett, eləcə də Azərbaycanda fəaliyyət göstərən bir sıra banklar da iştirak edəcək.
Layihələr “Brend və imic”, “Komfort ve erqonomika”, “Kreativ məkan”, “Dizayn-ideya”, “Biznes xüsusiyyətlər” və “Səmərəli kommunikasiya” olmaqla altı nominasiya üzrə qiymətləndiriləcək. Qaliblər memarlıq, dizayn və biznes sahələri üzrə beynəlxalq səviyyəli peşəkar münsiflər heyətinin səsverməsi əsasında müəyyənləşəcək.
Tədbirin sonunda Azərbaycanda ən yaxşı korporativ interyer mükafatına – “Baku Interior Awards”a layiq görülmüş layihə müəlliflərinin və sifarişçilərinin təltifetmə mərasimi keçiriləcək.
Sərgidə həmçinin ziyarətçilər “Design Dialogue” ilə Azərbaycan Memarlıq İttifaqının son illərdə birgə həyata keçirdiyi 100-ə yaxın ən parlaq memarlıq nümunələri ilə də tanış ola biləcəklər.