“Azsığorta” ASC 2026-cı ilin birinci rübünü 275 min manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 28.7 faiz azalma deməkdir. Halbuki, ötən ilin eyni müddətində 386 min üzərində xalis mənfəət əldə etmişdi.
Banker.az bunu sığorta şirkətinin hesabatına istinadən xəbər verir.
Mənfəətin aşağı düşməsi əsasən xalis sığorta ehtiyatlarının dəyişməsi və digər gəlirlərin azalması fonunda ümumi gəlirlərin kiçilməsi ilə əlaqədardır.
Hesabat dövründə sığorta şirkətinin cəmi gəlirləri illik müqayisədə 5.7 faiz azalaraq 2.65 milyon manata düşüb. Gəlirlərin azalması şəraitində şirkət xərclərini optimallaşdırmağa nail olub və cəmi xərclər ötən ilin birinci rübü ilə müqayisədə 0.9 faiz azalaraq 2.30 milyon manat səviyyəsində qərarlaşıb. Xərclər strukturunda əsas payı 1.64 milyon manatla işlərin aparılması xərcləri tutur ki, bu göstəricidə illik bazada 7.9 faiz artım müşahidə edilir.
Sığortaçının ümumi biznes əməliyyatlarının nəticələrinə nəzər saldıqda, hesablanmış sığorta haqlarının cüzi azalma ilə 1.91 milyon manat təşkil etdiyi görünür. Əsas biznesi sayılan daşınmaz əmlak sığortası (icbari hissəsi böyükdür) 1.74 milyon manata yüksəlsə də xərclər daha yüksək dinamika ilə artıb. Bu da müvafiq biznesində zərərlilik dərəcəsini bir ildə 94.98 faizdən 108.18 faizə qaldırıb. Bu, yuxarı göstəricidir. Yəni növbəti illərdə eyni ssenarinin davamı bu biznesində mənfəətinin daha da azalmasına təsir göstərə biləcək.
Şirkətin investisiya fəaliyyəti cari ilin ilk üç ayında müsbət dinamika nümayiş etdirərək 702 min manat gəlir gətirib ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 38.8 faiz artım deməkdir. İnvestisiya portfelinin ümumi həcmi 25.77 milyon manata çatıb və bu portfeldə 15.91 milyon manatla istiqrazlar üstünlük təşkil edir. Xüsusilə dövlət istiqrazlarına qoyulan vəsaitlər stabil qalsa da, qeyri-dövlət istiqrazlarının həcmi illik müqayisədə təxminən üç dəfə artaraq 4.61 milyon manata yüksəlib.
Bütün bunlar fonunda səhmdarın dividend siyasətindəki ehtiyatlı yanaşması, yəni ondan götürməməsi şirkətin kapital mövqeyni güclü saxlayır. Belə ki, 14 milyon manatlıq nizamnamə kapitalı ilə paralel 5.85 mln. manat bölüşdürülməmiş mənfəəti var. Beləliklə cəmi kapital 19.86 mln. manat təşkil edib.
Əldə etdiyimiz məlumata əsasən bu sığortaçı barədə bir nəfər icbari əmlak sığortası ödənişində şikayət edib.
Xatırladaq ki, “Azsığorta” ASC 2006-cı ildə yaradılıb, 14 mln. manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 100%-i Hikmət İsmayılova məxsusdur.






