17 C
Baku
Friday, April 19, 2024

Bağbanlar üzümü bu il 30 qəpik ucuz satırlar

Salyanda üzümçülük əsas təsərrüfat sahələrindəndir. Fermerlər bu gəlirli sahəyə böyük maraq göstərdiyindən rayonda üzüm plantasiyalarının sahəsi ilbəil artır. Hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1102,5 hektar üzüm bağı mövcuddur ki, bunun da 932,9 hektarı barverəndir.

Rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov  bildirib ki, xeyli vaxtdır üzüm plantasiyalarında məhsul yığımına başlanılıb. İndiyədək bağlardan 2159 ton üzüm yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 115 ton çoxdur.

Üzüm bağlarının 500 hektardan çoxu rayonun Xalaç kəndi ərazisindədir. Burada şəkərliyi yüksək olan Ağadayı, Mahmudu, Əlişan, Ağ şanı, Qara şanı, Dərbəndi və yerli qara üzüm sortları yetişdirilir.

Üzümçü Hüseyn İsmayılov uzun illərdir bu sahə ilə məşğul olur və hər ildə yaxşı mənfəət götürür. “Xeyli vaxtdır yetişdirdiyimiz məhsulun yığımı ilə məşğuluq. Ötən ilə nisbətən bu il bağlarada üzüm boldur. Məhsul çox olduğu üçün qiymət də ucuzdur. Bağbanlar yerində üzümün 1 kiloqramını 80-90 qəpiyə təklif edirlər. Ötən il isə bu rəqəm 1.10-1.20 qəpik arasında olub”.

Rayonda yığım kampaniyası mütəşəkkil təşkil olunduğundan gün ərzində üzüm plantasiyalarından 20-25 ton məhsul yığılır. Mütəxəssislərin hesablamalarına görə, mövsümün sonuna kimi bağlardan 4000 tondan çox məhsul yığmaq mümkün olacaq.

© Azərtac 

Son xəbərlər
Digər xəbərlər