8 C
Baku
Thursday, December 12, 2024

Bakı Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır

“Amadeus”şirkətinin baş vitse-prezidenti Tomas Lopez Fernebrandın başçılıq etdiyi nümayəndə heyəti Bakıda işgüzar səfərdə olub. “Amadeus”şirkəti aviadaşımalar və qlobal distribusiya sistemləri sahəsində dünyanın ən böyük İT xidmətləri təchizatçılarından biridir.

Səfər çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunacaq yeni bulud texnologiyalarının istifadəyə verilməsi mərasimi baş tutub. Bakı aeroportu yeni informasiya  bazasını, resursların idarə edilməsi və uçuşlar haqqında məlumatların əks olunma sistemlərini və s. idarə etmək imkanı əldə edib.

“Biz hesab edirik ki, Heydər Əliyev Beynəlxalq Aeroportu kimi perspektivli hava limanları müasir texnologiyalardan istifadənin üstünlüklərinin baris nümunələridir. Bakı hava limanında bu cür həllərin tətbiqi bizim üçün əlamətdar hadisədir”, – “Amadeus” İnformasiya texnologiyaları üzrə icraçı vitse-prezident Bruno Spada bildirib.

“Qeyd edim ki, Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanı olub”, – Bruno Spada vurğulayıb.

Rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar “Skytrax” audit şirkətinin ən yüksək “5 Ulduz” mükafatını qazanmış Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal komleksində (Terminal 1) yaradılan şərait ilə tanış olublar.

“Azərbaycan Hava Yolları” aviaşirkətində “Amadeus Altéa PSS” proqram təminatının tətbiqi barədə razılaşmanın imzalanma mərasimi də həmçinin tərəflər arasında effektiv əməkdaşlığın göstəricisi olub. Saziş AZAL prezidenti Cahangir Əsgərov və “Amadeus”un baş vitse-prezidenti Tomas Lopez Fernebrand tərəfindən imzalanıb.

Yeni proqram təminatı AZAL aviaşirkətinə sərnişin xidmətlərini daha səmərəli şəkildə fərdiləşdirməyə icazə verəcək, bronlaşdırma sisteminin, inventar məlumat bazasının və gəlirlərin idarə edilməsi sisteminin funksionallığını keyfiyyət baxımından təkmilləşdirəcək.

“Bizim prioritet məqsədlərimizdən biri ölkəyə sərnişin axınının artırılmasıdır və müasir texnologiyalar bu məsələdə bizə olduqca kömək edir. “Amadeus” şirkəti ilə əməkdaşlıq bizə görülən işlərin səmərəliliyinin yaxşılaşdırılması və ən əsası, AZAL sərnişinlərinə göstərilən xidmət keyfiyyətinin artırılmasına icazə verəcək”, – Cahangir Əsgərov bildirib.

“Azərbaycan Hava Yolları” (AZAL) böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2018-ci ildə “Azərbaycan Hava Yolları” 2 milyon 300 mindən çox sərnişin daşıyıb.

Son xəbərlər
Digər xəbərlər