“Nəqliyyatın əhəmiyyəti yalnız yüklərin və insanların bir yerdən başqa bir yerə nəqlini təmin etmək yox, həm də bunu mümkün dərəcədə sürətli və ucuz həyata keçirməkdir”.
Bu fikirləri müsahibəsində Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov bildirib.
Səfirin sözlərinə görə, Azərbaycanla Türkmənistan arasında qarşılıqlı uçuşların təşkilinə dair razılıq əldə olunsa da, pandemiya səbəbindən hələlik bunu reallaşdırmaq mümkün olmayıb:
“Sürət cəhətdən məlumdur ki, hava nəqliyyatı bütün digər nəqliyyat növlərini üstələyir. Xüsusilə sərnişin nəqliyyatında birmənalı üstünlüyə malikdir. Ona görə də ölkələrimiz arasında hava nəqliyyatının yaradılması bizim üçün prioritet məsələlərdən olub. Görülən işlərin nəticəsi olaraq Azərbaycan hava yollarının və Türkmən hava yollarının qarşılıqlı uçuşlarının təşkilinə dair razılıq əldə olunub. Sadəcə pandemiya ilə əlaqədar Türkmənistan və Azərbaycan məhdud hava əlaqəsinə icazə verdiyinə görə, hələlik bunu reallaşdırmaq mümkün olmayıb”.
Qeyd edək ki, Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalovun müsahibəsini yaxın saatlarda Modern.az-da oxuya bilərsiniz.