10 C
Baku
Wednesday, December 11, 2024

Bakı Limanı Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının genişləndirilməsi məqsədi ilə saziş imzalayıb

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Avstriyanın “ÖBB Rail Cargo Group”u və Niderlandın “Cabooter Group”u ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Middle Corridor- Orta Dəhliz) vasitəsilə Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının gücləndirilməsi və genişləndirilməsi məqsədi ilə saziş imzalanıb.

Qurumdan verilən məlumata görə, imzalanma mərasimində Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya Federal naziri Andreas Reyxard və Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov iştirak ediblər. Sazişə əsasən tərəflər Avropada Orta Dəhlizi təşviq edəcək və Avropadakı mövcud yük şəbəkələri, eyni zamanda logistika mərkəzləri arasındakı əlaqələri gücləndirəcəklər.

Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya Federal naziri Andreas Reyxard bildirib ki, bu gün imzalanan saziş, “ÖBB Rail Cargo Group”un Orta Asiya və Çinə doğru genişlənməsinin yeni bir strateji təşəbbüsüdür: “Bakı Limanı isə bu təşəbbüsün inkişafında əsas rol oynayacaq. Qısa zaman kəsiyində sözügedən marşrutun yüklərin daşınması vaxtı və həcmi baxımından çox səmərəli olacağını gözləyirik”.

Bakı Limanının Baş direktoru Taleh Ziyadov qeyd edib ki, yeni tərəfdaş olan Avstriyanın “ÖBB Rail Cargo Group”u ilə imzalanmış saziş Qərbdən Şərqə doğru Avropanın ən mühüm nəqliyyat qovşaqlarından olan Niderlandın Venlo şəhərindən və Almaniyadan Türkiyəyə (İstanbul), Azərbaycana (Bakı), Orta Asiyaya və daha sonra isə Çinə qədər uzanacaq nəqliyyat dəhlizinin genişləndirilməsində mühüm mərhələdir.

Avrasiya qitəsinin mərkəzində yerləşən Bakı Limanı Avropa İttifaqı, Orta Asiya və Çin arasında təbii körpü rolunu oynayır. Son 10 ildə Avropa İttifaqı ölkələrindən Çinə ixrac üç dəfə artıb və bu da öz növbəsində Çini Avropa İttifaqının ikinci ən böyük ticarət tərəfdaşı edir, eyni zamanda Bakı Limanı və Orta Dəhliz, eləcə də “ÖBB Rail Cargo Group” və “Cabooter Group” kimi Avropanın aparıcı nəqliyyat və logistika şirkətləri üçün də geniş imkanlar yaradır.

Avropada bir çox filialı, 8 500 nəfər işçi qüvvəsi və illik 2,3 milyard avro dəyərində dövriyyəsi olan “ÖBB Rail Cargo Group”, Avropanın aparıcı dəmir yolu logistika şirkətlərindən biridir. Avropada və Asiyadan kənarda, ölkə daxilində geniş logistika şəbəkəsini idarə edir. Şirkət hər il 474 milyon sərnişin və 113 milyon ton məhsulu təyinat yerinə çatdırır.

Günün sonunda Azərbaycanın Vyanadakı səfirliyində Qafqaza, Orta Asiya və Çinə doğru genişlənməyi özünə hədəf qoyan Avstriyanın qabaqcıl logistika şirkətləri ilə görüş keçirilib. Görüş zamanı Bakı Limanı da daxil olmaqla Orta Dəhliz boyunca logistika və paylama mərkəzlərinin daha da inkişaf etdirilməsi məsələsi ətraflı şəkildə müzakirə olunub.

©Report

Son xəbərlər
Digər xəbərlər