Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bir neçə ay ərzində Bakı şəhərinin inkişaf konsepsiyasını yekunlaşdırmağı planlaşdırır.
Banker.az xəbər verir ki, bu barədə komitə sədri Samir Nuriyev deyib.
Onun sözlərinə görə, ilin sonunadək beynəlxalq nüfuzlu şəhərsalma və memarlıq şirkətinin açıq tender vasitəsilə bu prosesə cəlb edilməsi nəzərdə tutulub. Eyni zamanda, gələn ilin əvvəlindən Baş Planın texniki hissəsinin işlənilməsinə başlanılacaq.
Komitə sədri qeyd edib ki, Bakının ümumi planın olması çox zəruri şərtlərdən biridir. “Bu sənədin hazırlanması kifayət qədər böyük əmək sərfi ilə yanaşı, bütün dövlət orqanlarının həmin sənəd üzərində işləməsini tələb edir. Bu, həm də gələcəkdə şəhərin düzgün istiqamətdə inkişafı deməkdir və tək texniki sənəd deyil, sosial, iqtisadi və mədəniyyətlə bağlıdır. Şəhərin inkişafını özündə cəmləşdirən bir sənəddir”.
Baş Planın təsdiqindən sonra onun icrasına nəzarət sisteminin qurulması mexanizminin də çox vacib olduğunu vurğulayan S.Nuriyev bildirib ki, Bakının inkişaf konsepsiyasının hazırlanması prosesində bütün müvafiq qurumlarla əməkdaşlığa başlanılıb.