12 C
Baku
Friday, March 29, 2024

Bakıda Azərbaycan İnvestisiya Forumu keçiriləcək

Azərbaycan və qlobal iqtisadiyyatın əsas sektorlarını təmsil edən yüksək vəzifəli rəhbərlər, iqtisadçılar, tənzimləyicilər və dövlət qulluqçuları “The Economist Events” tərəfindən təşkil olunan Azərbaycan İnvestisiya Forumunda iştirak etmək üçün bu ilin mart ayında Bakıda toplaşacaq.

Sürətlə dəyişən geosiyasi təmayüllər ona gətirib çıxarıb ki, Azərbaycan kənardan olan təzyiq və bir çox təsirlərə məruz qalan regionun mərkəzində yer alıb. Bununla belə, dövlət müstəqil iqtisadi və siyasi mövqelərini qoruyub saxlaya bilib. Ölkə hökuməti diqqətini iqtisadiyyatın diversifikasiyasına yönəldib və regional tərəfdaşlarla əməkdaşlığa açıqdır. Azərbaycan İnvestisiya Forumu keçid iqtisadiyyatı olan dövlətin qarşısında duran əsas perspektiv, imkanlar və çağırışları müzakirə etmək üçün Bakıda dünyanın aparıcı idarəçi və iqtisadçılarını bir araya gətirəcək.

Forum “The Economist” jurnalının redaktoru Con Endryusun (John Andrews) sədrliyi altında keçəcək və Azərbaycanın neft iqtisadiyyatının diversifikasiyası imkanları və ölkənin idman, təhsil və incəsənət regional mərkəzə çevrilməsi yolları üzrə aparıcı dövlət xadimlərinin məruzələri ilə işə başlayacaq.

Forum çərçivəsində Bakıda keçiriləcək iri idman hadisəsinə – Avropa Oyunları-2015, həmçinin bu layihəyə yatırılan iri investisiyalardan sonra qalacaq irs məsələləri, bu cür iri tədbirə ev sahiblik edən ölkənin nüfuzunun vacibliyinə həsr olunmuş məruzə ilə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxış edəcək. Bundan başqa, tədbirdə Avropa Oyunları-2015-in icraçı direktoru Saymon Kleq (Simon Clegg) və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edəcəklər.

Müzakirələrdə bank, texnologiya, investisiya, istehsalat və təhsil sektorlarının aparıcı nümayəndələri iştirak edəcək. Forum çərçivəsində Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, “Pasha Bank”ın İdarə Heyətinin sədri Fərid Axundov, “Holcim”in regional meneceri Horia Adrian (Horia Adrian), Azərbaycan Yüksək Texnologiyalar Parkının baş direktoru Seymur Ağayev, Avropa Yenidənqurma və İnkişaf Bankının aparıcı iqtisadçısı Dmitri Qvindadze (Dimitri Gvindadze) və ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edəcəklər.

Forumda aşağıdakı mövzular müzakirə olunacaq:

  • Enerji sektoru – növbəti fəsil: Azərbaycanın iqtisadi qüdrətinin əsasının inkişafı
  • Neft iqtisadiyyatı çərçivəsindən kənar: rəqabətqabiliyyətli mikroəsasın yaradılması
  • İnnovasiyalar, sahibkarlıq və diversifikasiya: maneələrin aradan qaldırılması
  • Rəqəmsal əsr: yeni iqtisadiyyat şəraitində texnologiya və telekommunikasiyaların rolu
  • Milli artımı təmin etmək üçün təhsil və tədris
  • İdman tədbirləri: Azərbaycanın dünya arenasında mövqeyi
  • Diversifikasiya: qeyri-neft sektorunun payının artırılması

Azərbaycan İnvestisiya Forumu 2015-ci ilin martın 17-də Bakının “Four Seasons” hotelində “The Economist Events”in təşkilatçılığı ilə keçiriləcək.

Çıxış edənlərin tam siyahısı, forumun yenilənmiş proqramı və tədbirə qeydiyyatdan keçmək üçün

www.azerbaijansummit.economist.com internet səhifəsini ziyarət edin.

“Twitter”də yenilənmələr: @EconomistEvents #AzerbaijanSummit

Trend.az

Son xəbərlər
Digər xəbərlər