10 C
Baku
Saturday, March 2, 2024

Bakıda kreditlə elektron əşya almaq çətinləşib

Ötən ilin dekabrında manatın ikinci dəfə ucuzlaşması təkcə qiymətləri az qala iki dəfə bahalaşdırmayıb. Artım müxtəlif məhsulların kreditlə satışına da təsir edib. Belə ki, məişət və müxtəlif elektron əşyaların satışı ilə məşğul olan mağazaların əksəriyyəti kreditlə satılan məhsulların ilkin ödəniş məbləğini və faizlərini artırıb. Hətta onların bəzilərində ilkin ödəniş malın qiymətinin 50%-nə çatıb. Yəni müştəri almaq istədiyi məhsulun dəyərinin 50%-ni ilkin ödəniş kimi ödəməlidir və yalnız bundan sonra yerdə qalan məbləğ kreditləşdirilir.

“İrşad Telecom” telefonların kreditlə satışından, ümumiyyətlə, imtina edib. Mağaza əməkdaşı Adil Kazımovun sözlərinə görə, telefonlardan başqa istənilən məhsul kreditlə satılır:

“Qeyri-müəyyən müddətə telefonların kreditlə satışını dayandırmışıq. Kompüter və digər elektron əşyalara isə maksimum 500 manat kredit ayırırıq. Yəni əgər siz 1500 manatlıq məhsul almaq istəyirsinizsə, onun ən azı 1000 manatını nağd ödəməlisiniz, qalan hissəsini isə kreditlə ödəyə bilərsiniz”.

“Kontakt” mağazası məişət texnikasının kreditlə satışından imtina etməsə də, bir neçə ay əvvəllə müqayisədə ilkin ödənişin həcmi artıb. Mağaza əməkdaşı İlkin Həbibovun sözlərinə görə, hazırda hər hansı məhsulu kreditlə almaq istəyən müştəri onun 30%-i həcmində ilkin ödəniş etməlidir:

“Ödənişin qalan hissəsi kreditləşdirilir, amma dollarla yox, manatla. Əvvəllər isə ilkin ödəniş 10-15% idi”.

Mağaza əməkdaşı deyir ki, alıcıların sayında da əvvəlki vaxtlarla müqayisədə fərq nəzərə çarpır.

“Magnit” mağazalarında da oxşar vəziyyətdir. Kreditlə alınan məhsula tələb olunan ilkin ödəniş artıb, kredit müddətinə də məhdudiyyət qoyulub. Belə ki, məhsulu kreditlə almaq üçün ən azı 40% ilkin ödəniş etmək, pulun qalan hissəsini isə maksimum 6 aya ödəmək lazımdır.

Mağaza əməkdaşlarından aldığımız xəbərə görə, bunun bir səbəbi də problemli kreditlərdir. Hətta problemli kreditlərin çoxluğuna görə “Magnit” mağazalar şəbəkəsinin bir neçə filialı bağlanıb.

“Baku Electronics” mağazası da ilkin ödəniş məbləğini artıran mağazalardandır. Belə ki, mağaza əməkdaşının sözlərinə görə, istənilən məhsul üçün onun minimum 50%-i dəyərində ilkin ödəniş edərək qalan hissəsini kreditləşdirmək olar.

“Kredit müddəti isə 12 aya qədərdir. Bundan əlavə, müştərinin rəsmi iş yeri də olmalıdır ki, elektron arayış götürə bilək. Müxtəlif müddətlərdə ilkin ödənişin şərtləri müxtəlif olub. Məsələn, 10-15% ilkin ödəniş tələb etdiyimiz vaxtlar da olub”, – deyə mağaza əməkdaşı bildirib.

Virtualaz.org

Son xəbərlər
Digər xəbərlər