Bakıda mağazada gizli yerlər müəyyən edildi və 3 şəxs saxlanıldı – Vergilər Nazirliyindən açıqlama

  •  
  •  
  •  
  •  

Vergilər Nazirliyi tərəfindən növbəti nəzarət tədbiri Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 190 ünvanında yerləşən ərzaq mağazasında keçirilib.

Nazirlikdən Banker.az-a daxil olmuş məlumata görə, vergi nəzarəti tədbiri zamanı müəyyən edilib ki, adı çəkilən şəxslər aksizsiz tütün məmulatlarını və alkoqollu içkiləri satış üçün saxlamaq və satışını təşkil etmək məqsədi ilə mağazada gizli saxlanc yerləri quraşdırıblar. Tədbir zamanı həmin gizli saxlanc yerləri müəyyən edilərək, külli miqdar təşkil edən aksizsiz tütün məmulatları və alkoqollu içkilər aşkarlanıb və müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin mallar  götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsi ilə (Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı) cinayət işi başlanılıb və 3 şəxs saxlanılıb.

Vergilər Nazirliyi bildirir ki, aksiz markası olmayan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır və vergi orqanları belə halların qarşısının alınması istiqamətində tədbirləri sistemli şəkildə davam etdirəcək. Vergilər Nazirliyi alkoqollu içki istehsalçılarını və satıcılarını aksiz markası olmadan, yaxud saxta aksiz markası ilə markalanmış məhsulların satışını dərhal və könüllü şəkildə aradan qaldırmağa, qeydiyyatda olduqları vergi orqanına vergidən yayınmaların həcmi barədə məlumat verməyə çağırır.


  •  
  •  
  •  
  •