Bakı şəhəri və ətraf qəsəbələrin sosial, iqtisadi, sənaye və digər sahələrin sürətli inkişafını, əhalinin, o cümlədən son illərdə tikilən çoxmənzilli binaların elektrik enerjisinə artan tələbatını qarşılamaq üçün “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti sistem əhəmiyyətli 220/110/10 kilovoltluq tam yeni yarımstansiya tikib.
Qurumdan verilən məlumata görə, Baki şəhərinin şimal hissəsindəki 110 kilovoltluq yarımstansiyaları qidalandırmaqla yanaşı paytaxtdakı sistem əhəmiyyətli mövcud 220 kilovoltluq yarımstansiyaların yükünü azaltmağa, bununla da qəzaların qarşısını almağa, itkiləri azaltmağa, dayanıqlığı və etibarlığı artırmağa xidmət edəcək “Böyükşor” adlanan yeni 220 kilovoltluq yarımstansiya istehlakçıların normalara uyğun keyfiyyətli elektrik enerji ilə təchizatında müstəsna rol oynayacaq. Atmosfer şəraitinin təsirinə məruz qalmamaq, ətraf mühiti qorumaq və daha az yer tutmaq üçün qapalı şəraitdə, tam müasir üslubda tikilən “Böyükşor” yarımstansiyasında 3 ədəd 250 meqavolt amper gücündə transformator, 220 və 110 kV-luq qapalı paylayıcı qurğular tikilib. Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulacaq.
“Böyükşor” yarımstansiyasının sistemə qoşulması ilə Abşeron enerji qovşağını qidalandıran 220 kilovoltluq hava xətlərinin yüklənməsinin, həmçinin bu xətlərdə olan itkilərin azalmasına nail olunacaq. Onu da qeyd edək ki, “Böyükşor” yarımstansiyası qurularkən perspektiv sosial-iqtisadi inkişaf, əhalinin artan tempi nəzərə alınıb.
Qeyd edək ki, son iki ilə qədər Bakı və Abşeron yarımadasında cəmi beş ədəd 220 kilovoltluq yarımstansiya fəaliyyət göstərirdi ki, onların da dördü istismar müddətini başa vurmuşdu. Son iki ildə isə Böyükşor və “Şimal” Elektrik Stansiyasının ərazisində qapalı tipli iki yarımstansiya tikilərək 220 kilovoltluq yarımstansiyaların sayı yeddiyə çatdırılıb.Eyni zamanda istismar müddətini bitirən sistem əhəmiyyətli dörd ədəd 220 kilovoltluq yarımstansiyanın ikisində yenidənqurma işi tamamlanıb, digər iki yarımstansiyada isə yaxın aylarda tamamlanacaq.