Bu gün səhər saatlarından “BakıKart”a gediş haqqı yükləmək üçün ödəmə terminallarına yaxınlaşan bir neçə sərnişin əliboş qayıdıb. Səbəb gediş haqqı yüklənməsində yaranan problemdir.
Bu barədə sosial şəbəkələrdə sərnişinlər məlumat yayıb. Bakıda ictimai nəqliyyatdan istifadə edənlər buna görə ciddi çətinliklə üzləşdiklərini bildiriblər. Bunu Qafqazinfo yazır.
Məsələ ilə bağlı “BakıKart”la əlaqə saxladıq. Bildirildi ki, yaranan problemlər “BakıKart”da sistem yenilənməsi ilə bağlıdır: “Martın 29-dan etibarən bizdə sistem yenilənməsi həyata keçirilir. Ona görə də gün ərzində karta gediş haqqı yüklənməsi zamanı müəyyən donmalar ola bilər. Bu proses bu gün axşam tamamlanacaq və sabahdan hər şey yoluna düşəcək”.
Qeyd edək ki, 2015-ci ildən etibarən Bakı şəhərində ictimai nəqliyyatda vahid “BakıKart” sistemi tətbiq olunur. Kartın balansının artırılması üçün Bakı metropoliteninin stansiyalarında, avtobus dayanacaqlarında və mətbuat köşklərində kart satış və yükləmə aparatları mövcuddur.