10 C
Baku
Wednesday, December 11, 2024

Bakıya girişlərdə postlar quraşdırıldı – Sərnişinlər bir-bir yoxlanılacaq

Azərbaycanda koronavirus infeksiyasına yoluxduğu müəyyən edilən daha 4 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırda ölkədə 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Ölkədə koronavirus xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqsədilə tədbirlər isə davam etdirilir.

Hazırda məscid, kilsə, sinaqoq və ziyarətgahlarda ibadətlər müvəqqəti olaraq dayandırılıb. Bu qərar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının səlahiyyətli nümayəndələrinin və ölkəmizdəki dini konfessiya rəhbərlərinin birgə iclasında qəbul edilib. İnanclı insanlardan bu qərara əməl etmələri tələb olunur.

Koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sabahdan etibarən isə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılacaq.

Bayram günlərində bölgələrdən Bakı, Sumqayıt və Abşerona girişin qadağan edilməsi ilə bağlı üç yerdə yol polisi postları quraşdırılacaq. Bakı-Ələt-Astara yolunun 65, Bakı-Quba yolunun 45 və Bakı-Şamaxı yolunun 26-cı kilometrliyində postlar artıq quraşdırılır. Martın 19-u saat 00:00-dan etibarən həmin istiqamətlərdən Bakı, Sumqayıt və Abşeron ərazisinə daxil olan avtomobillər və sərnişinlər saxlanılaraq yoxlanılacaq.

Avtomobil nömrə nişanı Bakı, Sumqayıt və Abşeron qeydiyyatı olmasına baxmayaraq, həmin avtonəqliyyat vasitələri də postlarda saxlanılacaq və onların sərnişinlərinin qeydiyyat yeri dəqiqləşdiriləcək.

Bu arada Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.

Son xəbərlər
Digər xəbərlər