“Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyət ilə “Azinvest İnşaat” Qapalı Səhmdar Cəmiyyət ilə 12 milyon manatlıq müqavilə imzalayıb.
Banker.az xəbər verir ki, müqavilədə GPON (Giqabit imkanlı passiv optik şəbəkə) Texnologiyasının tətbiqi ilə mənzillərin telefonlaşdırılması, lte (Simsiz Telefon Rabitəsi) tətbiqi ilə baza stansiyalarının quraşdırılması və şəbəkənin genişləndirilməsi məqsədi ilə iş və xidmətlərin satınalınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 11 milyon 747 min 402 manatdır.
Bildirək ki, “Azinvest İnşaat” QSC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Bu QSC-nin nizamnamə kapitalı 2 000 manatdır və qanuni təmsilçisi Anar Seyidməmmədovdur.
Qeyd edək ki, fiber-optik xətləri üzərindən təmin edilən GPON texnologiyası 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir.
“Bakı Telefon Rabitəsi” MMC Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə, ən əsası əhaliyə ən müasir simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya və multimedia xidmətləri göstərir.