“Bank of Baku” xalis mənfəətini 14%, aktivləri isə 20% artırıb

“Bank of Baku” ASC 2026-cı ilin ilk yarısını 16,1 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,7% çoxdur.

Banker.az bankın yarımillik hesabatına istinadən xəbər verir ki, bu göstəricinin artımı əsasən xalis faiz gəlirlərinin 14,6%, qeyri-faiz gəlirlərinin isə 30,1% artması hesabına təmin olunub. Bununla yanaşı, faiz xərcləri 44,2%, qeyri-faiz xərcləri 13,6% artıb.

Bankın faiz və qeyri-faiz gəlirləri birlikdə116,6 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 26% çoxdur. Cəmi xərclər (faiz, qeyri-faiz xərcləri və ehtiyat ayırmaları daxil olmaqla) isə 95,5 milyon manata çataraq 29,1% artıb.

2026-cı il iyulun 1-nə “Bank of Baku”nun cəmi aktivləri 1 milyard 391,6 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 20,7% artım deməkdir. Aktivlərin əsas hissəsini təşkil edən xalis kredit portfeli 1 milyard 5,4 milyon manata yüksələrək 16,7% artıb və bankın aktivlərinin 72,2%-ni formalaşdırıb.

Ümumi kredit portfeli isə 1 milyard 60,8 milyon manata çataraq 16,5% genişlənib. Portfel strukturunda istehlak kreditləri 17,1% artaraq 819,8 milyon manata yüksəlib və portfeldə dominant mövqeyini qoruyub. Biznes kreditləri 16,1% artaraq 172,7 milyon manata, ipoteka kreditləri isə 10,0% artaraq 68,2 milyon manata çatıb. Banklar və digər maliyyə institutlarına verilmiş kreditlər isə üç dəfədən çox artaraq 135,6 milyon manata yüksəlib.

Bankın cəmi öhdəlikləri ilin əvvəli ilə müqayisədə 23,9% artaraq 1 milyard 210,3 milyon manata çatıb. Depozit portfeli 28,2% artımla 948,9 milyon manata yüksəlib. Bu artım həm fiziki şəxslərin depozitlərinin 23,8% artaraq 828,6 milyon manata, həm də hüquqi şəxslərin depozitlərinin 69,6% artaraq 120,3 milyon manata çatması ilə dəstəklənib. Bankın kapitalı 3,1% artaraq 181,3 milyon manata, bölüşdürülməmiş mənfəəti isə 3,9% artaraq 115,6 milyon manata yüksəlib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər