6 C
Baku
Monday, December 16, 2024

Bank öhdəliklərinin könüllü restrukturizasiyası proseduru tətbiq olunacaq

Azərbaycanda bankın öhdəliklərinin könüllü restrukturizasiyası proseduru tətbiq olunacaq.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, bank öhdəliklərinin könüllü restrukturizasiyası ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət edə biləcək. Ərizəyə məhkəməyə təqdim olunandan sonra 10 təqvim günü ərzində baxılacaq və qərar qəbul ediləcək.

Komitənin iclasında çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı deyib ki, könüllü restrukturizasiya dünyada tətbiq olunan bir prosedurdur: “Bizim təklif etdiyimiz qanun layihəsi paketində könüllü restrukturizasiya önəmli bir yer tutur. Bu, ödəmə qabiliyyətini itirmiş, problemlərlə üzləşmiş banklar üçün çıxış yollarından biridir. Bankın səhmdarları belə hallarda kreditorlara müraciət edə və onlarla danışıqlar apara bilər. Məsələn, hər hansı kreditor sabah bankdan 100 manat almalıdırsa, deyə bilər ki, o həmin pulu sabah yox, 5 il sonra ala bilər. Yaxud kreditorlar bankın səhmlərinin bir hissəsinə sahib ola bilər. Könüllü restrukturizasiya zamanı bankın sağlamlaşdırılması ilə bağlı restrukturizasiya planı təqdim edilməlidir. Bu təcrübə 2008-2009-cu illərdə, qlobal maliyyə böhranı dövründə tətbiq olunub”.

Layihə MM-in iclasına tövsiyə olunub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər