®Bugün, Bakıda Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkilatçılığı ilə II Aqrobiznesin İnkişafı Forumu start götürüb.
Forumda Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər şəxsləri, hər iki Nazirliyin tabeli qurumlarının, Mərkəzi Bankın, Azərbaycan Banklar Assosiasiyasının, ölkədə fəaliyyət göstərən bankların, həmçinin yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan addımları müzakirə etməkdir.
Ölkəmizdə sahibkarlığın və xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsinə daima dəstək olan Bank Respublika “Fermerlərin dövlət vəsaitləri hesabına kreditləşməsində ən aktiv iştirak edən bank” nominasiyasında mükafat qazanıb.
Qeyd edək ki, Bank Respublika ötən il ərzində Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və İpoteka və Kredit Zəmanət fondu ilə aktiv əməkdaşlıq edərək fermerlərə ən böyük həcmdə güzəştli kredit təqdim etmişdir.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.