8 C
Baku
Friday, December 13, 2024

“Bank Respublika”nın kredit kart məhsulları və digər bank məhsullarından fərqi

Banker.az monitorinq qrupu olaraq əsas məqsədimiz ölkədə fəaliyyət göstərən Bankların kredit və qeyri-kredit məhsullarının şərtlərini detallı şəkildə araşdırıb Sizlərlə bölüşməkdir. Bu prosesi əsasən 2 istiqamətdə həyata keçiririk:

  1. Mövzu olaraq hər hansı bir məhsulu seçmək və məhsulun əsas şərtlərini həmin məhsulu təklif edən Bankların timsalında müqayisəli formada araşdırıb təqdim etmək.
  2. Mövzu olaraq X bankın hər hansı bir məhsulunu və ya məhsul qrupunu seçmək və şərtləri maksimum detallı şəkildə araşdırıb təqdim etmək.

Hər iki istiqamətin öz üstünlükləri və çatışmazlıqları olduğu üçün çalışırıq ki, eyni məhsul qrupu üzrə hər iki formada araşdırmalar edib Sizlərə təqdim edək. Yəni ilk öncə bütün bazarı araşdırıb müqayisəli formada təqdim edirik, növbəti mərhələdə isə müvafiq məhsulu təqdim edən banklar üzrə daha detallı araşdırma aparırıq.

Təxminən 3 – 4 həftə əvvəl taksit və kredit kart haqqında ümumi bazar araşdırmasını Sizlərə təqdim etmişdik. Növbəti mərhələdə isə, monitorinq qrupumuz bu məhsulları Banklar üzrə detallı şəkildə araşdırmağı planlayır. Bu səbəbdən bugünkü mövzumuz olaraq “Bank Respublika” ASC-nin kredit kart məhsullarını seçdik. Səbəb isə , geridə qoyduğumuz ayda bu bank haqqında mətbuatda müsbət xəbərlərin yayılmasıdır. Bu xəbərlərə misal olaraq, Bankın nizamnamə kapitalını 10 mln.manat həcmində artırması, depozitlər üzrə cəlbetmə faizlərini artırması, neft-qaz sektorunda çalışan əməkdaşlar üzrə nağd kredit kampaniyası keçirməsi və s. göstərmək olar. Keçək əsas məsələyə, yəni Bankın təklif etdiyi kart krediti məhsullarına…

““Bank Respublika” ASC-nin  kart vasitəsilə ayırdığı 2 kredit  məhsulu vardır: Paykart” taksit kartı və 45 günədək güzəşt müddəti təklif edən “Kredit xətti”.

Paykart” taksit kartı – bazarda təklif olunan 6 taksit kartından biridir və əsas üstünlüklərindən biri, bəlkə də birincisi Bankın partnyorlarında taksitli alış-veriş qiyməti ilə nağd alış-veriş qiyməti arasında heç bir fərqin olmamasıdır. Göstərilən linkdə (https://paykart.az/page/7) taksitli və tamamilə faizsiz alış-veriş imkanı olan tərəfdaşların siyahısı ilə tanış ola bilərsiniz. Qeyd etmək istərdik ki, bu imkanı təqdim edən ticarət obyektlərinin sayı 300-dən artıqdır. Bankın tərəfdaşı olmayan ticarət obyektlərində isə bu kartdan adi kredit xətti kimi (taksitsiz) istifadə etmək mümkündür. Kartın digər bir üstünlüyü isə bu kartın “Bank Respublika” ASC-nin digər kartları kimi avtomatik olaraq “Paykart Bonus” sisteminə qoşulmasıdır. Bu sistemə qoşulan kartlar Bankın Partnyorlarında alış-veriş edən zaman istifadə edilən məbləğin 20%-nə qədər vəsaiti kartlarına “bonus” olaraq geri qazanırlar. “Bonus” sisteminin “cash-back” sistemindən fərqi odur ki, müştəri qazanılmış bonusları yalnız banka məxsus POS-larda nağdsız əməliyyatlar zamanı xərcləyə bilir. Taksit kartın əldə edilmə şərtləri ilə ətraflı olaraq aşağıda tanış ola bilərsiniz:

Minimal əmək haqqı tələbi (vergilər tutulmamış)

  • Bakı və Sumqayıt filiallarında 350 AZN.
  • Region filiallarında  300 AZN.

İş stajı tələbi – minimum 6 ay.

Məbləğ: 500 – 3000 AZN.

Kredit xəttinin müddəti: 60 ay

Faiz dərəcəsi (qeyri-taksit əməliyyatları üzrə) –  illik 30%

Komissiyalar

  • Təhlil komissiyası – 1% (min. 10 AZN).
  • Bank Respublika-nın ATM və ofislərindən nağdlaşdırma komissiyası – 2% (min. 1 AZN).

Təminat

  • Əmək haqqı (net) 400 AZN-dək olduqda – 1000 AZN-dək zaminsiz.
  • Əmək haqqı (net) 401 – 1000 AZN arası olduqda – 2000 AZN-dək zaminsiz.
  • Əmək haqqı (net) 1001 AZN və daha çox olduqda – 3000 AZN-dək zaminsiz.

Kredit xətti” – bu məhsulu öz üstünlükləri və imtiyazları ilə seçilən məhsullardan hesab etmək olar. Xüsusilə 45 günədək güzəşt müddəti  şərti bu məshulu dəyərli edir. 45 günədək güzəşt müddəti  anlayışına bir qədər aydınlıq gətirmək istərdik. İlk öncə bildirək ki, güzəşt müddəti (digər adı ilə “grace period) yalnız nağdsız əməliyyatlar üzrə mümkündür (nağdlaşma əməliyyatları şamil edilmir) və əməliyyat tarixindən asılı olaraq bu interval 15 gündən 45 günədək ola bilər. Belə ki, Bankın istifadə tarixindən asılı olmayaraq hər əməliyyat üzrə faizsiz ödəniş möhlətini növbəti ayın 15-dək təyin etmişdir. Misal üçün, əgər siz təqvim ayının 1-i alış-veriş etmisinizsə bu halda 45 gün, ayın 25-i alış veriş etmisinizsə 20 gün güzəşt müddəti əldə edəcəksiniz. Nağdlaşma əməliyyatlarına isə növbəti gündən başlayaraq gündəlik əsasda faiz hesablanır. Qeyd edək ki, bu məhsulu yalnız Bakı və Sumqayıt filiallarında əldə etmək mümkündür. Kredit xəttinin digər əldə edilmə şərtləri ilə ətraflı olaraq aşağıda tanış ola bilərsiniz:

Minimal əmək haqqı tələbi (vergilər tutulmamış) – 600 AZN

İş stajı tələbi – minimum 6 ay.

Məbləğ: 500 – 5000 AZN.

Kredit xəttinin müddəti:  12 ay

Faiz dərəcəsi (güzəşt müddəti olmayan əməliyyatlar üzrə) –  illik 29%

Komissiyalar

  • Təhlil komissiyası – 2%
  • Bank Respublika-nın ATM və ofislərindən nağdlaşdırma komissiyası – 1% (min. 0.20 AZN)

Təminat

  • Məbləğ 3000 AZN-dək olduqda –  zaminsiz ;
  • Məbləğ 3001 – 5000 AZN olduqda  –  1 nəfər zamin tələb edilir.
Son xəbərlər
Digər xəbərlər