Banker.az monitorinq qrupu fərqli məhsullar üzrə ümumi bazar araşdırması etməklə yanaşı, bir banka məxsus fərqli məhsul çeşidinin analizini də aparmaqdadır. Daha öncə Kapital Bank və Express Bank haqqında oxşar araşdırmaları sizlərə təqdim etmişdik. Növbəti dayanacağımız Bank Respublikadır.
Bank Respublika – 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır və bu illər ərzində Azərbaycanın aparıcı banklarından birinə çevrilmişdir. Bankın missiyaları arasında qeyd edilmiş “Müştərilərimiz və əməkdaşlarımız Bankın ən dəyərli kapitalıdır” şüarı Bankın müştəri mənmuniyyətinə dərəcədə önəm verdiyinin bariz göstəricisidir. Bank Respublika həm fiziki, həm də hüquqi şəxslərə geniş məhsul çeşidlərini təqdim edir. Bu məhsul çeşidləri arasında əksər Banklarda təklif edilən ənənəvi məhsullarla yanaşı kreativ məhsullara da rast gəlmək mümkündür.
Bank Respublikanın təklif etdiyi ənənəvi məhsullara misal olaraq hesablaşma-kassa xidmətlərini, istehlak və biznes kreditlərini, İpoteka kreditini, sənədli əməliyyatları, müddətli və yığım növündə olan əmanət məhsullarını, plastik kartları, pul köçürmələrini, bank seyflərinin icarəsini, İnternet texnologiyaları əsasında distant (uzaqdan göstərilən) bank xidmətlərini və s. misal göstərmək olar.
Bankın məhsul çeşidi sırasında bizim diqqətimizi çəkən əsas məhsulları və onların şərtlərini Sizlərin diqqətinə çatdırırıq.
“PayKart Kredit” kartı – bir sıra üstünlükləri ilə seçilən rahat və səmərəli ödəniş vasitəsidir.
“PayKart Kredit” kartında bərpa olunan kredit xətti mövcuddur ki, bu da öz növbəsində istər Azərbaycan istərsə xarici ölkələrdə alış-verişin aparılması və vəsaitin nağdlaşdırılması zamanı bir çox imkanlar yaradır. Bu kartla siz bir çox partnyorlar üzrə məhsul və ya xidmətin dəyərini 3,6, 9 və 12 aya tamamilə faizsiz ödə bilərsiniz. Həmçinin, sizə ayrılan limitin 30%-i həcmində nağdlaşdırma və partnyor olmayan istənilən yerdə ödəniş , zamanı illik 30% olmaqla, avtomatik 12 ay müddətinə hissələrlə ödəmə imkanınız da vardır.
Kredit kartının məbləği – 3000 AZN
Kartın müddəti – 60 ay
Minimal əmək haqqı – 350 AZN (Təhsil və Səhiyyə işçiləri üzrə 200 AZN)
Son iş yerində staj – minimum 6 ay
Təminat
- Müştərinin əmək haqqı məbləği 1000 AZN-dək olduqda – 500 AZN zaminsiz
- Müştərinin əmək haqqı məbləği 1000 AZN-dən çox olduqda – 3000 AZN zaminsiz
Güzəşt müddəti (grace period) – 45 günədək
Banka məxsus ATM-lərdə nağdlaşma komissiyası – 2% (min 1.00 AZN)
Qızıl (lombard) girovu ilə kreditlər – Siz rəsmi iş yeriniz və rəsmi gəliriniz olmadığı təqdirdə belə sadəcə olaraq qiymətli zinət əşyalarınızı Bank Respublikada girov qoyaraq aşağıdakı şərtlərlə nağd pul krediti əldə bilərsiniz.
Kreditin məbləği – min. 300 AZN – maks.10 000 AZN
Kreditin müddəti – maksimum 24 ay
İllik faiz dərəcəsi – 3 ayadək kreditlər üzrə – 26%, 3-24 ay kreditlər üzrə 36%
Komissiya – 3%
Bank Respublika paytaxt və regionlarda 26 filial və 1 şöbə, həmçinin Azneft filialında yerləşən “OFİS-24” şöbəsi ilə müştərilərə xidmət göstərməkdədir. Bankın İdarə heyətinin sədri Asəf Namazovdur.