Rusiyanın “Sberbank”ı 2016-cı ildə əldə etdiyi 497 mlrd. rubl (8,76 ABŞ dolları) məbləğində mənfəətin 27,2%-ni və yaxud 135 mlrd. rublunu (2,38 mlrd. dollar) səhmdarlarına dividend kimi ödəyəcək.
Rusiya mətbuatına istinadən, bu, Bankın hər səhminə 6 rubl (0,11 dollar) mənfəət deməkdir.
Ötən il əldə edilmiş mənfəətin qalan 362 mlrd. rublluq (6,38 mlrd. dollarlıq) hissəsi isə kredit təşkilatının sərəncamında qalacaq.
Xatırladaq ki, “Sberbank” təkcə Rusiyada deyil, həm də MDB məkanında iri maliyyə qurumlarından biridir. Onun səhmlərinin 50%-i Rusiya Bankına (Mərkəzi Bank), 40%-i isə xarici şirkətlərə məxsusdur. Rusiyada bank əmanətlərinin təxminən yarısı, kreditlərin isə 1/3-i “Sberbank”ın payına düşür.
Bu il, mayın 1-nə Bankın aktivləri 22,317 trln. rubl (təxminən 393 mlrd. dollar), kapitalı 3,382 trln. rubl (təxminən 60 mlrd. dollar), kredit portfeli 14,7 trln. rubl (təxminən 259 mlrd. dollar), əmanət portfeli isə 11,255 trln. rubl (təxminən 198 mlrd. dollar) təşkil edib.