Bu gün Bakıda ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçirilir.
İclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,16 ünvanındakı ofisində təşkil olunub.
İclasda ilk dəfə ADIF-in icraçı direktorunun müavini Vüqar Abdullayev, eləcə də Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov, “Bank Standard”ın təxminən 50 kreditoru, Fondun digər əməkdaşları iştirak edirlər.
V.Abdullayev bildirib ki, kreditorları maraqlandıran bütün suallara cavab vermək üçün iclasa hazırlıqlı gəlib.
Ə.Həsənov isə deyib ki, Bankın 743 mln. manatlıq kredit portfelinin formalaşdıran müştərilərin siyahısını Bakı Apellyasiya Məhkəməsindən götürüb. Məlum olub ki, bu kreditlərin 304 mln. manatı (41%-i) 0%-lə verilib: “Sanki islam bankçılığıdır. Halbuki, 0%-lə kredit vermək ölkənin bank qanunvericiliyinə ziddir. Hesab edirəm ki, ADIF bununla bağlı araşdırma aparmalıdır. Faizsiz kreditlər verilmiş şəxslərlə bağlı Baş Prokurorluğa, hətta Dövlət Təhlükəsizlik Xidmətinə müraciət olunmalıdır. Hələ ki, mən həmin şəxslərin adlarını çəkə bilmirəm, çünki siyahını ad açıqlamamaq şərti ilə məhkəmədən almışam. Yalnız onu deyə bilərəm ki, siyahıda məşhur adamlar yoxdur. Maraqlıdır ki, indiyə qədər 0%-lə kredit götürmüş adamlarla bağlı heç bir tədbir görülməyib. Məsələn, “Çudo Peçka”nın sahibi ilə bağlı müəyyən addımlar atılıb, halbuki, o adam krediti 0%-lə götürməyib”.