Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən “Bank VTB (Azərbaycan)“ ASC-nin 6 filialının lisenziyaları ləğv edilmişdir. Bu barədə Banker.az-a Palatadan xəbər verilir.
Palatanın Direktorlar Şurasının iclasında, “Bank VTB (Azərbaycan)” ASC-nin “İçərişəhər”, “Həzi Aslanov”, “Əhmədli”, “Bakıxanov”, “28 May” və “Xırdalan” filiallarının icazələrinin ləğv edilməsinə dair bankın müraciətinə baxılmışdır. Filialların bağlanmasına əsas səbəb “Bank VTB (Azərbaycan)” tərəfindən xərclərin optimallaşdırılması göstərilmişdir.
Direktorlar Şurası “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 16.2.9-cu və 17.3-cü maddələrini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Bank VTB (Azərbaycan)”-nin “İçərişəhər” filialının 11.08.2014-cü il tarixli №162/10 saylı, “Həzi Aslanov” filialının 20.08.2013-cü il tarixli №162/5 saylı, “Əhmədli” filialının 27.11.2013-cü il tarixli №162/6 saylı, “Bakıxanov” filialının 21.07.2014-cü il tarixli №162/8 saylı, “28 May” filialının 03.10.2014-cü il tarixli №162/12 saylı və “Xırdalan” filialının 26.09.2014-cü il tarixli №162/11 saylı icazələrini ləğv etmişdir.