7 C
Baku
Thursday, December 12, 2024

Banklar dövlət ipoteka proqramındakı iştirakının azalmasından narazıdırlar

Azərbaycanda ipoteka kreditlərinə yüksək tələbat olduğuna görə banklar Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (ARİKZF) tərəfindən müəyyən edilən limitlərinin artırılmasında maraqlıdır.

Bunu “VTB-Azerbaijan” bankının İdarə Heyətinin sədri Yevgeni Kirin mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu il ipoteka kreditlərinin inkişaf templərinin xeyli yüksəldiyinə görə, Fondun tətbiq etdiyi illik limitlərin yaxın vaxtlarda banklar tərəfindən istifadə ediləcəyi gözlənilir.

“Hər bir müvəkkil bank üçün bu limit individual şəkildə müəyyən edilir və “VTB-Azerbaijan” bankı üçün bu illik hədd 10 milyon manat səviyyəsindədir. Bu limitin bizim bank üçün iki dəfə və ya daha çox artırılmasında maraqlıyıq”, – deyən bank rəhbəri hazırda dövlət ipoteka proqramı çərçivəsində kredit verilməsində bankların rolunun dəyişdiyini dilə gətirib.

“İndi ARİKZF, əsasən, öz imkanları hesabına işləməyə üstünlük verir. Banklar vasitəsilə verilən ipoteka kreditlərinin həcmini azaldaraq Fond daha çox borcalanlarla birbaşa işləməyə üstünlük verir. Həmçinin əhalinin kreditləşməsində lizinqdən də istifadə edilməsi variantı müzakirə olunur. Lakin mənim fikrimcə, lizinqlə yanaşı, ipoteka verən qurum olaraq banklarla da əməkdaşlıq davam etdirilməlidir. Çünki belədə əhalinin ipoteka almaq imkanları daha artır”, – deyən Y.Kirin bunu bankların çoxlu sayda satış ofislərinin olması, ipoteka götürə biləcək müştərilərin də sayının artacağı ilə əsaslandırıb.

“İpoteka un məhsullarının bazarının həcmini, trendini müəyyən edən əsas amil olduğunu başa düşürük. Ona görə də bankların Fondun tərəfdaşı olaraq qalmasını istəyirik. Bu, dövlət ipoteka proqramı üçün miqyas baxımdan əhəmiyyətlidir. İpotekada gecikmə halları çox az vüsət aldığı üçün banklar da bunda maraqlıdır. Üstəlik, bankların da ipoteka kreditləri sahəsində topladığı təcrübə və vərdiş sonradan müstəqil kommersiya ipoteka siyasətinin hazırlanıb tətbiq olunmasında istifadə oluna bilər”, – deyən Y.Kirin dövlət ipoteka proqramının şərtləri banklar tərəfindən təklif edilən kommersiya ipoteka üzrə şərtlərdən daha üstündür.

“Banklar hələlik rəqabət qabiliyyətli məhsul ortaya çıxartmaqda çətinlik çəkir. Faiz dərəcələrindəki fərq böyükdür. Banklardakı faizlərlə bağlı vəziyyət yoluna düşdükcə biz də sözümüzü deyə biləcəyik. Odur ki, əmanətçilərə sərfəli olmasa da, məncə depozit dərəcələri aşağı salınmalıdır. Əlçatan maliyyə mənbələrimiz olsa, bəlkə də nə vaxtsa dövlət ipoteka kreditlərilə rəqabət aparacaq məhsul yarada bilərik”, – deyən bank rəhbəri Azərbaycanda da Rusiyadakı kimi ipoteka kreditlərinin (25-30 illik) orta hesabla 7 il ərzində qaytarılacağına ümidvar olduğunu qeyd edib.

Report

Son xəbərlər
Digər xəbərlər