7 C
Baku
Thursday, December 12, 2024

Banklara aidiyyati olan şəxslərə kreditlərin verilməsi qaydaları dəyişdirilib

Bu gün Milli Məclisin plenar iclasında “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanunda nəzərdə tutulan dəyişikliklərə əsasən bank səhmdarlarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə daha bir məsələ əlavə edilib. Belə ki, qanunun səhmdarların ümumi yığıncağı ilə bağlı 24.3-cü maddəsinə 5-ci cümlə əlavə edilib. Həmin əlavəyə görə, banka aidiyyatı olan şəxslə dəyəri bankın aktivlərinin 5%-ini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar bank tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul ediləcək.

Bundan başqa, bankın Müşahidə Şurasının səlahiyyətləri ilə bağlı 25.1.10-cu maddənin dəyişdirilməsi təklif edilir. Belə ki, əgər bu maddəyə görə əvvəllər bankın Müşahidə Şurası banka aidiyyati şəxslər və aidiyyati şəxs adından hərəkət edən şəxslər ilə bağlı əqdlər bağlanmasını təsdiq edirdisə, dəyişiklik qəbul olunandan sonra Müşahidə Şurası səhmdarların ümumi yığıncağının səlahiyyətinə aid olan hallar istisna olmaqla, aidiyyati şəxslərlə dəyəri bankın aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək (kreditlərin verilməsi halında bankın İdarə Heyəti ilə birgə) səlahiyyətinə malikdir.

Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, habelə bankın struktur bölmələrinin ( filial, nümayəndəlik və s.) rəhbərləri özlərinin, Mülki Məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddəsində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyatı şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Mülki Məcəllənin 49-1.5-ci, 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər. Aidiyyatı şəxslərlə əqdlərin bağlanılmasının digər qaydaları Mülki Məcəllənin 49-1-ci maddəsi ilə müəyyən olunur.

Qanun layihəsində banklara aidiyyati şəxslərlə və aidiyyati şəxs adından hərəkət edən şəxslərlə əməliyyatların aparılması ilə bağlı 40-cı maddənin yeni redaksiyada verilməsi təklif edilir. İndiyədək qüvvədə olan qanuna görə, banklar kreditin verilməsinə və onun şərtlərinə dair bankın Müşahidə Şurasının razılığı olmadıqda və bankın İdarə Heyətinin bu barədə yekdilliklə qəbul edilmiş qərarı olmadıqda aidiyyati şəxslərlə və aidiyyati şəxs adından hərəkət edən şəxslərlə kredit verə bilməzdi. Dəyişikliyə əsasən banklar aidiyyatı olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5%-ini və daha çox hissəsini təşkil etdiyi halda, müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının qərarı olmadıqda, eləcə də aidiyyatı olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5%-dək hissəsini təşkil etdiyi halda həmin şəxslərə kreditlərin verilməsi barədə qərarın qəbul edilməsi səlahiyyətinin səhmdarların ümumi yığıncağına həvalə edildiyi hallar istisna olmaqla, bankın İdarə Heyətinin və Müşahidə Şurasının birgə qərarı olmadıqda aidiyyati şəxslərlə və aidiyyati şəxs adından hərəkət edən şəxslərlə kredit verə bilməyəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

APA

Son xəbərlər
Digər xəbərlər