Dekabr ayında ölkə iqtisadiyyatında olan gərginlik əmanət bazarında da müşahidə edilib. Ekspertlər bildirirlər ki, Rusiya amili və manatın devalvasiya gözləntiləri əhalini vəsaitlərini dollara çevirməyə vadar edib.
Ekspert Samir Əliyev bu məsələ ilə bağlı bildirib ki, 2014-cü ilin dekabrında manat əmanətlərinin azalması, dollar əmanətlərinin isə artması baş verib: “Milli valyutada olan əmanətlərin həcmi 59,7 milyon manat azalıb. Xarici valyutada olan əmanətlər isə 161,7 milyon manat artıb. Bununla da manat əmanətlərinin ümumi əmanətlərdə payı 61,5 faizə düşüb. Halbuki noyabr ayında bu göstərici 63,2 faiz idi”.
Ekspertin sözlərinə görə, diqqəti cəlb edən digər məqam qısamüddətli əmanətlərin artımıdır: “Yatırılan əmanətlərin valyutasının gələcəyi ilə bağlı qeyri-müəyyənlik vətəndaşları qısamüddətli yatırıma sövq edib. Dekabr ayında qısamüddətli əmanətlər 78,7 milyon manat artdığı halda, uzunmüddətli əmanətlər daha az – 33,2 milyon manat artıb. Bununla da, qısamüddətli əmanətlərin payı 60,2 faizdən 60,4 faizə yüksəlib”.
S.Əliyev onu da qeyd edib ki, ümumilikdə götürdükdə ötən il əmanətlərin həcmi 792,6 milyon manat və ya 12,4 faiz artaraq, 7188,4 milyon manata çatıb: “İl ərzində həm milli, həm də xarici valyuta üzrə artım baş verib”.
Ekspertin fikrincə, bu tendensiya növbəti aylarda da davam edəcək: “Əmanətlərdə bir tərəfdən artım tempi, digər tərəfdən isə manatın payı azalacaq. Əhali vəsaitlərini dollara transfer etməkdə davam edəcək. Bu proses ən azı mart ayina kimi uzanacaq. Sonrakı proseslərdən, o cümlədən, neftin qiymətindən asılı olaraq, yeni situasiya da yarana bilər”.