Azərbaycan bank sektorunda 2026-cı ilin ilk rübündə qeyri-faiz xərcləri 780 milyon manat təşkil edib.
Banker.az-ın bankların maliyyə hesabatlarına əsaslanan ilkin hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründə 731 milyon manatla müqayisədə 7% artım deməkdir.
Banklar üzrə ən yüksək qeyri-faiz xərci “Kapital Bank”da qeydə alınıb. Belə ki, bankın qeyri-faiz xərcləri 228.2 milyon manat təşkil edib və bu, illik müqayisədə 9% artım deməkdir. İkinci yerdə “ABB” qərarlaşıb və onun qeyri-faiz xərcləri 158.8 milyon manat olub (22% artım). “PAŞA Bank” isə 78.7 milyon manat qeyri-faiz xərci ilə üçüncü sıradadır, burada illik müqayisədə 30% azalma qeydə alınıb.
“Unibank” və “Bank Respublika” müvafiq olaraq 62.9 milyon manat və 32.6 milyon manat qeyri-faiz xərci ilə TOP 5-liyi tamamlayır. Bu banklarda illik dəyişmə 27% artım və 1% artım olub.
Sektor üzrə ümumi göstəricilərə əsasən TOP 5 bankın (“Kapital Bank”, “ABB”, “PAŞA Bank”, “Unibank”, “Bank Respublika”) qeyri-faiz xərcləri 561.2 milyon manat olub. Bu isə ümumi bazarın 71.9%-ni təşkil edir. Öncəki ildə bu göstərici təxminən 73.8% səviyyəsində olub.








