ABŞ prezidenti Cozef Bayden 2024-cü ildə ən yüksək hökumət postuna yenidən seçilmək üçün mübarizə aparmaqla bağlı yekun qərarını fevralın ortalarında elan edə bilər.
Bu barədə öz mənbələrinə istinadən “Politico” qəzeti məlumat yayıb.
Mənbələr bildirib ki, Baydenin yenidən namizəd olacağı və bununla bağlı elanın gözləniləndən daha tez açıqlanacağı ehtimalı hazırda yüksəkdir.
Rəsmi olaraq, qərar dövlət başçısının ABŞ Konqresinin Nümayəndələr Palatasına və Senatına “Ölkənin vəziyyəti haqqında” illik müraciəti zamanı elan oluna bilər.
Eyni zamanda, nəşrin həmsöhbətləri qeyd ediblər ki, Amerika lideri hələ 2024-cü ildə prezidentliyə namizəd olmaq barədə qərar verməyib. ABŞ-ın Virgin adalarının Santa-Krus şəhərində istirahət edərkən, Ağ Evin rəhbəri ailəsi, dostları və kiçik bir siyasi müttəfiq qrupu ilə bu ehtimalı müzakirə edib.
Birinci xanım Cil Bayden ərinin seçkidə iştirakını dəstəkləyib, lakin onun bəzi qohumları seçki kampaniyasının 80 yaşlı prezidentə necə təsir edəcəyindən narahatdırlar. Nəşr hesab edir ki, bəzi demokratlar da Baydenin yaşı ilə bağlı narahatlıqlarını ifadə ediblər.