6 C
Baku
Monday, December 16, 2024

“Bazarda qiymət optimallığını təmin edəcək şərtlər, rəqabət mühiti yoxdur”

“Bazarda son vaxtlar gündəlik tələbat məhsullarında qiymət artımları baş verir. Gündəlik tələbat və ərzaq məhsulları o kateqoriya məhsullarıdır ki, bazar iştirakçıları həmin məhsulların qiymətini daha rahat şəkildə bahalaşdıra bilirlər. Burada istehsalatda baş verən qiymət artımlarından istehlaka transformasiya prosesi sürətlə gedir. Burada qiymət artımı üçün daha əlverişli mühit var”.

Bunu iqtisadçı-ekspert Rəşad Həsənov son iki aydakı qiymət artımlarının alıcı sayına təsirinə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, bütün məhsulların qiymətlərində artım müşahidə olunur:

“Kənd təsərrüfatında mövsüm dövrünün başa çatması istiqamətində baş verən bu proses özü də qiymət artımlarına təsir göstərir. Bir sıra kənd təsərrüfatı məhsullarının mövsüm dövrü başa çatıb. Qiymət artımları müəyyən mənada müşahidə olur. Bu proses 2020-ci ildə başladı. İstehsal, tədarük və təchizat zəncirində fasilələr ortaya çıxdı. Ehtiyatlarda olan məhsullar qurtardı. İşçi qüvvəsinin səmərəli istifadəsi karantin qaydalarında məhdudlaşdı. Sərhədlərin  bağlanması xırda ticarət və pərakəndə məhsullarını məhdudlaşdırdı, nəqliyyat xərcləri əhəmiyyətli səviyyədə artdı. Azərbaycan o ölkələrdəndir ki, xərcləri digər ölkələrlə müqayisədə bəzi hallarda iki dəfə daha çox baha başa gəlir”.

R.Həsənov qeyd edib ki, qiymətlər bahalaşır, sürətlə alıcılıq prosesi də zəifləyir:

“Qiymət artımları xüsusən də Rusiya-Ukrayna münaqişəsi fonunda daha da dərinləşdi. Qiymət artımlarını neytrallaşdıracaq ciddi işlər görmürük. Bu istiqamətlərdə təzyiqlər var. Bütün ölkələr olduğu kimi Azərbaycanda da istehsal qiymətləri inflyasiya ilə müqayisədə daha çox artıb. Hər hansı bir məhsulun istehsalçı qiymətləri 40 faiz, bazarda satış 20 faiz artıb.

Bizdə istehsal qiymətləri indeksinin istehlak qiymətləri üzərinə transformasiya prosesi sürətlənib. Çünki müəyyən dövrdən sonra biznesin səbri tükənmir. Müəyyən bir bahalaşma gedirsə, məhsulun maya dəyəri baha başa gəlirsə, bazar payını itirməmək üçün şirkətlər məhsulları müəyyən qədər az təklif edə bilərlər.

Rusiya-Ukrayna münaqişəsinin heç kim bu qədər uzanacağını proqnozlaşdırmırdı. Proses uzunmüddətli dövr xarakteri alanda da təsiredici faktorlar dəyişmir. Sahibkar əvvəlki mövqeyini uzun müddət davam etdirə bilməz. Buna görə də yorulmuş gözləmədə daha aktiv qiymət siyasətinə keçid prosesi də başlayır”.

İqtisadçı əlavə edib ki, bütün məhsullar üzərində bahalaşma bazarda artıq trendə çevrilib:

“Azərbaycan bazarının özünəxas xüsusiyyətləri vardır. Bir sıra məhsullarda qiymət artımları inhisarçı mövqelərdə qaynaqlanır. Qiymət artımlarının olması labüddür. Amma onun nə qədər olması müzakirə olunan məsələdir. İnhisarçı mövqe şərait yaradır ki, şirkət istədiyi qədər qiymətləri artıra bilsin.

Bazarda bir trend var ki, hər şey bahalaşır, hətta çörəyin də qiyməti artır. Sabit bazarda bazar iştirakçısı risk etməyə qorxur. Bizim bazarda qiymət optimallığını təmin edəcək şərtlər, rəqabət mühiti yoxdur. O da əlavə faktor kimi bugünkü mənzərənin yaranmasına səbəb olur”.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər