BƏƏ Hörmüz boğazından keçərkən iki neft tankerinə hücum edildiyini və bir dənizçinin həlak olduğunu açıqlayıb. Bu hadisə ötən həftə ABŞ və İran arasında müvəqqəti sülh razılaşmasının pozulmasından sonra regionda kommersiya gəmiçiliyinə qarşı həyata keçirilən ən böyük hücum kimi qiymətləndirilir.
BƏƏ Müdafiə Nazirliyi hücumun İranın qanadlı raketləri ilə həyata keçirildiyini təsdiqləyib. Adnoc L&S şirkəti isə Al Bahyah və Mombasa B tankerilərinin ciddi zədələndiyini bildirib. Hücum nəticəsində ekipaj üzvlərindən biri həlak olub, bir neçə nəfər isə yaralanıb.
Hadisə qlobal neft bazarı üçün ciddi əhəmiyyət daşıyır. Belə ki, hücuma məruz qalan gəmilər Hörmüz boğazı vasitəsilə İran mənşəli olmayan neftin daşınmasını təmin edən əsas iştirakçılarla bağlıdır.
Ötən ay neft hasilatı və ixracını əhəmiyyətli dərəcədə artıran BƏƏ və ölkədən yükdaşımaların aparıcı operatorlarından biri olan Sinokor Group hadisənin mərkəzində yer alıb. Adnoc-un məlumatına görə, Sinokor şirkətinə məxsus tanker taym-çarter müqaviləsi əsasında icarəyə götürülmüşdü.
ABŞ və İran arasında müvəqqəti sülh razılaşmasının baş tutmamasından sonra regionda gərginlik daha da artıb. Son günlər milyonlarla barel BƏƏ nefti Hörmüz boğazından yüksək təhlükəsizlik tədbirləri altında daşınırdı.
Yeni hücumlar və dənizçinin ölümü BƏƏ-nin iri həcmdə neft daşımalarını əvvəlki qaydada davam etdirmək imkanları ilə bağlı suallar yaradıb.
BƏƏ Müdafiə Nazirliyi ölkənin ərazisini, vətəndaşlarını və milli maraqlarını qorumaq məqsədilə cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib.







