Belarus Dəmir Yolları (BDY) sanksiyalar altındakı Belarusdan Azərbaycan da daxil olmaqla, dünyanın 20-dən çox ölkəsinə yüklərin ixracı üçün 40-a yaxın yeni logistik marşrut hazırlayıb.
Bu barədə Belarus Nəqliyyat və Rabitə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, Belarus ekspeditorlarının ehtiyaclarını ödəmək üçün BDY-ı kifayət qədər vaqona sahibdir: “İxrac mallarının daşınması Belarus Dəmir Yolları üçün prioritet olub və olmağa da davam edəcək. Dəmir yolu ilə daşınan məhsulların 39 %-ni ixrac malları təşkil edib”.
2022-ci ilin fevral ayından Baltikyanı ölkələrin limanları sanksiyalara görə Belarus üçün əlçatmaz olub. Bundan əlavə, Ukrayna limanlarından istifadə etmək mümkün deyil.
Mövcud vəziyyətdə Belarus yükgöndərənləri ixracatlarının əhəmiyyətli bir hissəsini Şərqi Asiyaya yönləndirdilər, həmçinin logistika planlamanı da dəyişiblər.
“Yeni reallıqda Belarus Dəmir Yolları Belarus, Rusiya, Qazaxıstan, Azərbaycan və Çinin yük sahibləri və logistika şirkətləri ilə birlikdə Belarus məhsullarını 20-dən çox ölkəyə çatdırmaq üçün ümumilikdə 40 yeni nəqliyyat və logistika marşrutu hazırlayıb.
Bu yeni marşrutlar Belarus şirkətlərinə (Belarus Dəmir Yolları daxil olmaqla) və digər dövlətlərin şirkətlərinə məxsus vaqonlardan istifadə edir. Bu vaqonların miqdarı Belarus yükgöndərənlərin ehtiyaclarını ödəmək üçün kifayətdir”, – nazirlik vurğulayıb.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan, Gürcüstan, Qazaxıstan, Tacikistan, Rusiya (o cümlədən Rusiya limanları), Özbəkistana daşımaların həcmində artım müşahidə olunub. Belarusdan Çinə konteyner qatarlarının sayı 5 dəfə artıb.