12 C
Baku
Friday, March 29, 2024

Beş milyon manatdan çox pulu mənimsəyən iş adamına 15 il həbs verildi

Tanışlarının etibarından sui-istifadə edərək, 5 milyon manatdan çox pulu mənimsəməkdə ittiham olunan iş adamı Orxan Ağayevə hökm oxunub.

O.Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirlən şəxs 20-dən çox adama iş qurmaq adı ilə yüksək qazanc vəd edib. O, özünü qurbanlarına turizm sektorunda yaxşı əlaqələri olan, bu sahədə geniş təcrübə və imkanlara malik şəxs kimi tanıdıb. Əməllərini törədərkən Dövlət Təhlükəsizliyi Xidmətinin adından da istifadə edib.

Zərərçəkmişlərə Bakı aeroportunda dostunun DTX əməkdaşı kimi işlədiyini və onun vasitəsilə AZAL-dan təyyarə biletlərini ucuz qiymətə alıb, baha qiymətə satacaqlarını bildirib. Orxan Ağayev zərərçəkmişlərdən aldığı məbləğlərin bir hissəsini ilk aylarda guya qazanc kimi geri qaytarıb. Sonra isə “pul bankdadır, çıxarmaq olmur” kimi bəhanələrlə onların pullarını qaytarmaqdan yayınıb.

İttihama əsasən, O.Ağayevin mənimsədiyi pulların ümumi məbləği 5 156 419 manat olub. Onun ziyan vurduğu şəxslər sırasında sahibkarlar və dövlət qurumlarının vəzifəli şəxsləri də olub. Vətəndaşların şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılan Orxan Ağayev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaq) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı məlum olub ki, Ağayev İqtisad Universitetində təhsil alıb, Sinqapurda maliyyə üzrə magistr təhsilini davam etdirib. Azərbaycana qayıtdıqdan sonra “Ваnk Standart”da və “Kapital Bank”da işləyib. 2017-ci ildə vəzifə saxtakarlığı və dələduzluq ittihamı ilə məsuliyyətə cəlb edilib.

 

 

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər