6 C
Baku
Monday, December 16, 2024

Beynəlxalq yük daşımaları həyata keçirənlər proqram üzrə xüsusi hazırlıq keçməlidirlər

Nazirlər Kabineti “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”də dəyişiklik edib.

Banker.az xəbər verir ki, qüvvədə olan Əsasnaməyə görə, beynəlxalq yük daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinin sürücüləri beynəlxalq yük daşımalarına dair beynəlxalq konvensiyalar, sazişlər və digər sənədlər, habelə bu daşımaların xüsusiyyətləri barədə zəruri biliklərə malik olmaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq olunmuş proqram üzrə xüsusi hazırlıq keçməlidirlər.

Dəyişikliyə görə, beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər Nazirlər Kabineti tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməlidirlər. Hazırlığın keçirilməsi qaydası və müddəti Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. Hazırlıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil ediləcək və keçiriləcək. Tədrisin nəticələrinə əsasən sürücüyə forması Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş sənəd veriləcək.

 

Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nda da dəyişiklik edib. Qaydaya əsasən, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati əraziləri istisna olmaqla, Azərbaycan Respublikasının digər ərazilərində müsabiqənin təşkilatçısı qismində şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə müntəzəm sərnişin daşımalarının dövlət sifarişçisi olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (Sifarişçi) çıxış edir.

Qaydaya əlavə edilən yeni bəndə (1.2) əsasən, beynəlxalq marşrutlar üzrə sərnişin daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin daşımaları fəaliyyətinin operatoru tərəfindən yerinə yetirilməlidir. Operator işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, sürücüsü (sürücüləri) isə hazırlıq səviyyəsinə dair tələblərə cavab verməlidir.

“İxtisas məlumatlarının nümunəvi forması” üzrə isə operatorun məsul şəxsinin (şəxslərinin) Nazirlər Kabineti tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməsini təsdiq edən, forması Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş sənədin surəti təqdim olunmalıdır. Eyni zamanda beynəlxalq sərnişin daşımalarını həyata keçirən sürücülərin Nazirlər Kabineti tərərfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq eçməsini təsdiq edən sənədlərin surətləri təqdim olunmalıdır.

Nazirlər Kabinetinin qərarına əsasən, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na da yeni bəndlər əlavə edilib. Beləliklə, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin daşımaları fəaliyyətinin operatoru avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin daşımalarını həyata keçirən, işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, sürücüsü (sürücüləri) isə hazırlıq səviyyəsinə dair tələblərə cavab verən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən uçota alınan hüquqi və ya fiziki şəxsdir. Operatorun məsul şəxsi operatorun nəqliyyat fəaliyyətini faktiki və davamlı şəkildə müqavilə əsasında idarə edən, eləcə də peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verən fiziki şəxsdir. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq operator tərəfindən yerinə yetirilir. Operator Nazirlər Kabineti tərəfindən müəyyən edilən işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, operatorun sürücüsü (sürücüləri) isə hazırlıq səviyyəsinə dair tələblərə cavab verməlidir.

Eyni zamanda hüquqi şəxslər kimi  beynəlxalq daşımaları həyata keçirən fiziki şəxslər də sərnişinlərin insan alveri təhlükəsi barədə məlumatlandırılması üçün tədbirlər görməli, habelə sərnişinlərin müvafiq dövlətin ərazisinə giriş (çıxış) üçün sənədlərə malik olmalarını yoxlamalı və belə sənədlər olmadıqda, daşıma xidmətini göstərməkdən imtina etməlidirlər.

Son xəbərlər
Digər xəbərlər