10 C
Baku
Thursday, December 12, 2024

BFB-nin rəhbəri: Bank depozitləri heç vaxt gəlir mənbəyi olmayıb

Bakı Fond Birjası (BFB) Müşahidə Şurasının sədri Fərid Axundovun müsahibəsi:

– Fərid müəllim, artıq üç aydır ki, Bakı Fond Birjasının Müşahidə Şurasının sədri vəzifəsini icra edirsiniz. Fəaliyyətinizdə qarşıdakı dövr üçün prioritetləriniz nələrdir?

– Bu müddət ərzində əsas diqqətimiz bazar araşdırmasına yönəlmişdi. Yəni istiqraz və səhmlərini kapital bazarında yerləşdirmək istəyən yerli emitentlərin potensiyalı, hazırlıq vəziyyəti və qarşılaşdıqları problemlərin nələr olduğunu araşdırdıq. Eyni zamanda investorların, əsasən də fiziki şəxslərin bazar haqqında düşüncələri və əhalinin kapital bazarı haqqında məlumatlılıq səviyyəsi barədə məlumat topladıq. Xüsusilə bu bazarda investorun həssaslığı vacib olduğu üçün biz hər şeyə investor gözü ilə baxmağa çalışırıq.

Sözügedən dövr ərzində BFB olaraq peşəkar məsləhət şirkətləri ilə dərin araşdırmalar apardıq. Yaxın zamanda işlərimizin nəticəsinin geniş bazarda özünü biruzə verəcəyini düşünürük. İnvestorlara mövcud bazar alətlərindən istifadə etməyin faydaları haqqında, eyni zamanda, bazar iştirakçılarının maliyyə savadlılığının artırılması istiqamətində proqramlar hazırlanıb. Məqsədimiz bu bazarı texnoloji yeniliklərdən yararlanaraq əlçatan etməkdir. Həmçinin yeni texnoloji platformamız hazırlanır. Bir neçə investisiya şirkəti artıq testləri tamamlayıb. Növbəti ildən yerli qiymətli kağız buraxılışları investorlar tərəfindən mobil tətbiqlər vasitəsi ilə alınıb satıla biləcək.

Bu il avqustun 30-da Cənab Prezident İlham Əliyevin imzaladığı fərmanla səkkiz dövlət şirkətinin özəlləşdirmə proqramı ilə bağlı hazırlığa başlanılıb. Yaxın 6-9 ay ərzində bu şirkətlərin müəyyən paylarının satılması nəzərdə tutulur. Bu özəlləşmə nəticəsində dövlət şirkətləri həm investisiya məqsədi ilə vəsait əldə edəcək, həm də bu şirkətlərin yeni səhmdarları formalaşacaq. O cümlədən, Azərbaycan vətəndaşları dövlət şirkətlərinin səhmdarları olmaq şansı əldə edəcək. Aparıcı şirkətlərdə səhmdar kimi çıxış etmək əhali üçün maraqlı olacaq.

– Bildiyimiz qədəri ilə Bakı Fond Birjası yeni strategiya üzərində işləyir. Yeni strategiyanın detalları nədən ibarətdir?

– BFB strategiyası 2024-2026-ci illəri əhatə edəcək. Strategiya bütün bazar iştirakçılarının inkişafını təmin etməyi hədəfləyir. Əsas foksumuz ekosistemi inkişaf etdirməkdir. Bizim müştərilərimiz investisiya şirkətləridir. Onlar da öz növbəsində həm buraxılışı edən şirkətlərlə, yəni emitentlərlə, həm də investorla əlaqəni təmin edirlər. Biz isə əqdlər baş verən platformayıq. Növbəti ildən üçillik strategiyanın detalları barədə məlumatı bölüşəcəyik.

– Hal-hazırda BFB-ə xalq İPO-ları üçün hansı şirkətlər müraciət edib?

– İlk növbədə onu qeyd edim ki, Azərbaycan bazarı bu baxımdan unikal deyil. Bu bazarların inkişafında ən mühüm rolu dövlət oynayır. Həm münbit şəraitin yaradılması, həm də ilkin bazara çıxmaq baxımından dövlətin rolu vacibdir. İlk növbədə dövlət müəssələri, sonra isə özəl şirkətlər bazara çıxır. Azərbaycanda fəaliyyətdə olan böyük və tanınmış şirkətlər səhmlərinin kütləvi təklifi üçün maraqlıdırlar. Məxfiliyi qorumaq baxımından adlarını açıqlaya bilməsəm də deyə bilərəm ki, səhmlərin kütləvi təklifi ilə bağlı artıq bizə müraciətlər daxil olub.

– Azərbaycanda bank depozit faizləri ilə emitentlərin təklif etdiyi gəlirlilik rəqabət apara bilirmi?

– Mən rəqabət sözünü istifadə etməzdim. Çünki bank depozitləri heç vaxt gəlir mənbəyi olmayıb, heç vaxt da ola bilməz. Bank əmanətləri adətən inflyasiyanın kompensasiyası qədər gəlir verə bilir. Gəlir əldə etmək üçün kapital bazarlarına müraciət etməliyik.

Yerli qiymətli kağızlar bazarında istiqrazlar (borc öhdəlikləri) üstünlük təşkil edir. Hal-hazırda borc öhdəlikləri üçün 10%-17% gəlirlilik təklif olunur. Səhm bazarında isə iki növ qazanc əldə edilir. Biri ilin sonunda verilən divident, digəri isə səhmin qiymətinin artması şəklindədir. Bizim əsas hədəflərimizdən biri də səhm bazarını inkişaf etdirməkdir.

– İlin sonuna və növbəti il üçün BFB-nin dövriyyəsi nə qədər proqnozlaşdırılır?

– Biz bu il BFB-nin tarixində rekord nəticə əldə etmişik. 2023-cü ilin yanvar-noyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 22 milyard manat təşkil edib. İlin sonuna qədər BFB-nin dövriyyəsinin 23-24 milyard manat olacağı proqnozlaşdırılır. Yaxın aylarda isə BFB üçillik proqnozunu açıqlayacaq.

– Səhm bazarını inkişaf etdirmək üçün BFB hansı addımları atır?

– İlk növbədə bazar iştirakçılarının maliyyə biliklərini artırmaq üçün addımlar atılır. Əsas hədəf əhalini maliyyə alətləri ilə tanış etməkdir.

Onu da qeyd edim ki, səhm bazarı şəffaflığı tələb etdiyi üçün hər bir şirkət bu bazara çıxa bilməz. Bu bazarda inkişaf etmiş, gələcəyə baxışı olan şirkətlər uğur qazana bilər. Publik olmaq böyük məhsuliyyətdir. Eyni zamanda, kapital bazarlarına çıxmaq istəyən şirkətlər öz etibarlılığını sübut etmək istəyən şirkətlərdir.

– İnvestorları əsas düşündürən məsələ emitentlərin etibarlılığıdır. BFB-ə müraciət edən emitentlərin etibarlılığını necə qiymətləndirirsiniz?

– Azərbaycanda qiymətli kağızlar buraxmaq istəyən şirkətlərə Mərkəzi Bank, Milli Depozit Mərkəzi və BFB tərəfindən ciddi tələblər qoyulub. Bu tələblər sayəsində şirkətlərin qiymətli kağızlar buraxmaq üçün hazır olub-olmamağı müəyyən edilir. Biz bu tələbləri beynəlxalq standartlara uyğun tətbiq edirik ki, investorlar düzgün qərar qəbul edə bilsinlər.

– İslam qiymətli kağızları (sukuk) nə vaxt yerli kapital bazarında buraxılacaq?

– Bu vaxta qədər bizim kapital bazarında islam istiqrazları sayılan sukuk olmayıb. Hal-hazırda sukuk məhsulları BFB-da yoxdur. Eyni zamanda, Azərbaycanda sukukla bağlı qanunvericilik də mövcud deyil. Hal-hazırda potensial emitentlər islam istiqrazları ilə bağlı müzakirəni peşəkar məsləhət şirkətləri ilə aparırlar. Hələ ki, birinci sukukun nə vaxt yerli kapital bazarına buraxılacağı barədə hər hansı məlumat verə bilmərəm.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər