Vergi Məcəlləsinə dəyişikliklərdə pərakəndə ticarət və ictimai iaşə sektorunun dövriyyəsinin rəsmiləşdirilməsinə ictimai nəzarətin gücləndirilməsi və bu işdə istehlakçıların stimullaşdırılması məqsədilə onların ƏDV kimi xərclədikləri vəsaitlərin bir hissəsinin geri qaytarılması nəzərdə tutulur.
Banker.az bu barədə “Vergilər” qəzetinə istinad edir.
İstehlakçılar tərəfindən pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) ödənilmiş ƏDV-nin nağdsız ödənişlərdə 15 faizi, nağd ödənişlərdə isə 10 faizi nəzarət-kassa aparatının çeki əsasında istehlakçılara geri qaytarılacaq. Bu qaydaların tətbiqi ilə bağlı əlavə olaraq prosedurları özündə əks etdirən qanunvericilik aktı qəbul olunacaq. İstehlakçı fiziki şəxslərin bu qaydada stimullaşdırılması şəffaflığın təmin edilməsinə müsbət təsir göstərəcək.
Ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Nəzarət-kassa aparatının çeklərində vergi ödəyicisinin adı, VÖEN-i, çekin vurulmasının tarixi və saatı, təsərrüfat subyektinin adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği, gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi, nəzarət-kassa aparatının markası və zavod nömrəsi, nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti), çekin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun elektron informasiya sisteminə ötürülüb-ötürülməməsinə dair qeyd, malın sürətli məlumat kodu (Quick Reponse Code) olmalıdır.
Bakı Hesabat Mərkəzinin direktoru, audit üzrə mütəxəssis Mehdi Babayev bildirib ki, Vergi Məcəlləsinə edilmiş 165.5-ci, 102.1.24-cü, 106.9-cu maddələrin tətbiqinin bir neçə stimullaşdırıcı funksiyaları vardır. Misal üçün göstərmək olar ki, istehlakçı qismində alıcı şəxsin aldığı mallara və ya qəbul etdiyi ictimai iaşə xidmətinə görə NKA çeki almaq şərti ilə ödədiyi 1.000 manatın tərkibində 152,54 ((1.000/1,18) x 0,18) manat ƏDV vardır. Əgər 1.000 manatın hamısı nağdsız qaydada ödənilmişdirsə, 152,54 manatın 15 faizi, yəni 22,88 manatı, nağd qaydada ödənilmişdirsə, 152,54 manatın 10 faizi, yəni 15,25 manatı NKA çeklərinin sahibinə (alıcı olmuş şəxsə) geri qaytarılacaqdır.
Mütəxəssisin fikrincə, burada istehlakçıların maarifləndirilməsinə xüsusi əhəmiyyət verilməlidir: «Bu proseslərə qoşulmaq istəyən istehlakçılar müvafiq mal və xidmətləri (neft və qaz məhsulları istisna olmaqla) ƏDV ödəyicisi olan ticarət və ya ictimai iaşə obyektindən almalıdırlar. Alıcı bunun üçün obyektə daxil olduqda həmin obyektin ƏDV ödəyicisi olub-olmadığı barədə soruşmalı olacaqdır. ƏDV ödəyicisi olmayan satıcı müştərinin maliyyə bilgilərinin az olmasını hiss etdikdə alıcıya bu barədə yalan məlumat verə, hətta sadələşdirilmiş vergi ödəyən pərakəndə ticarət obyektləri bu məsələdə özlərini hüquqları pozulmuş kimi də hesab edə bilərlər. Sadələşdirilmiş vergi ödəyicisi olan ictimai iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşgul olan obyektlərdə dövriyyələrin azalması müşahidə oluna bilər. İnsanlar daha çox ƏDV ödəyicisi olan mağazalara və obyektlərə gedəcəklər. Daha bir həssas məsələ Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməli olan NKA aparatlarının bütün obyektlərdə quraşdırılması ilə bağlıdır. ƏDV ödəyicisi olan ticarət obyektinin texniki tələblərə cavab verən kassa aparatı olmadığı halda istehlakçıların ödədikləri ƏDV-nin müfaviq hissəsinin geri qaytarılması üçün müraciətləri qəbul edilməyəcəkdir».
Daha bir maraqlı məqam insanların başqalarına məxsus NKA çeklərini toplaya bilməsi ehtimalı ilə bağlıdır. Belə «fürsətdən» faydalanmaq istəyən şəxslərə münasibətin necə olacağı da sual doğuran məsələlərdəndir.
İqtisadçı Elman Sadıqovun fikrincə, nağdsız ödənişlərin stimullaşdırılması bütün dünyada tətbiq olunan bir məsələdir: «Məsələn, Türkiyə təcrübəsinə nəzər salsaq, görərik ki, 1970-80-ci illərdə bu ölkədə ödəniş terminalları vasitəsilə heç kim əməliyyat aparmaq istəmirdi. İnsanlar ödəniş kartlarını qəbul etməkdən narahat olur, çəkinirdilər. Bunu aradan qaldırmaq üçün ölkədə bir çox tədbirlər həyata keçirildi. Banklar nağdsız hesabatları stimullaşdırmaq, müştəri cəlb etmək üçün taksit (hissə-hissə ödəmək) kartları müştərilərini nağdsız ödənişlərə həvəsləndirirdilər. Növbəti mərhələlərdə də müəyyən güzəştlər oldu, dövlət tərəfindən bir sıra təşviqedici addımlar atıldı».
İri ticarət mərkəzləri də nağdsız ödənişə cəlb olunmalıdır
E.Sadıqov bildirib ki, Azərbaycanda da hazırda böyük POS-terminal infrastrukturu var: «Amma əsas məsələ mövcud bazanı, infrastrukturu işlək hala gətirməkdir. Bəzi ticarət mərkəzlərində, ərzaq mağazalarında, pərakəndə satış nöqtələrində POS-terminallardan istifadə, onların təşviqi o qədər də yüksək səviyyədə deyil. «Binə» və «Sədərək» kimi bir sıra iri ticarət mərkəzlərinin nağdsız ödənişə cəlb edilməsi üçün POS-terminalların quraşdırılması zəruridir. Biz ƏDV-də güzəştə getməklə ƏDV ödəyicilərinin özünü təşviq etmiş oluruq və bundan sonra ƏDV ödəyicisi olmayan sadələşdirilmiş vergi ödəyiciləri də artıq ƏDV-yə keçib-keçməmək haqqında düşünəcəklər. Beləliklə, rəqabət güclənmiş olacaq.
Yəni bu addımın üç əsas məqsədi var ki, onlardan birincisi insanların nağdsız ödənişlərə cəlb edilməsi, ikincisi dövriyyənin rəsmiləşdirilməsi və «kölgə iqtisadiyyatı»nın payının kiçildilməsi, üçüncüsü isə sahibkarlar tərəfindən ƏDV ödənişinin təşviq edilməsi və ticarətlə məşğul olanların hamısının ƏDV üzrə qeydiyyatdan keçməyə yönləndirilməsidir. Qeyd edim ki, dövlət bu addımı atdıqdan sonra plastik kartların, debit-kredit kartlarının satışı artacaq, banklar özləri də müştərilərin taksit kartlarının artmasına stimul verəcəklər».