10 C
Baku
Wednesday, December 11, 2024

Bir vaxtlar Rusiyanın ən zəngin iş adamı: “Putin gəlirinin yarıdan çoxunu itirəcək”

Bir vaxtlar Rusiyanın ən varlı adamı, hazırda isə Putini ən sərt tənqid edənlərdən biri olan Mixail Xodorkovski Britaniya mətbuatına açıqlama verib. Xodorkovski deyib ki, Qərbin neft və qaz embarqosu Putinə “çox ciddi zərbə” vuracaq.

Banker.az BBC-yə istinadən xəbər verir ki, “müxalif” oliqarx belə bir tədbirin Putinin “gəlirinin yarıdan çoxunu itirməsinə” səbəb olacağını deyib. Xodorkovski bildirib ki, federal büdcəyə belə təsirdən sonra Moskva Ukraynada müharibəni davam edib edə bilməcəyini sorğulayacaq. Xodorkovski Qərbin Rusiya qazından imtinası ilə bağlı “gec olmağı heç olmamağından yaxşıdır” deyib və belə əlavə edib: “Bu gün Qərb öz səhvlərinin əvəzini ödəməyə məcburdur”.

Xodorkovski hesab edir ki, Putin Ukraynada istənilən irəliləyişə nail ola bilməsə, Rusiyanın nüvə silahından istifadə qorxusu əsassızdır. Mövzu ilə bağlı Xodorkovski, “Mən inanıram ki, Putin düşünüldüyü qədər gücə malik deyil. Müharibə başlayandan ay yarım sonra bu, göründü”. O bildirib ki, nüvə silahından istifadənin qarşısını almaq indi qərb dövlətlərinin üzərinə düşür, onlar Putinə öz sərhədlərini göstərməlidirlər.

Xodorkovskinin sözlərinə görə, Ukraynaya xaricdən hərbi dəstək çox gec gəlib. O deyib ki, Qərb indi atdığı addımları bir ay öncədən atmalı idi. “Ancaq mən hiss edirəm ki, Ukraynaya verilən silahlar məhz Ukraynanın indi istifadə edə biləcəyi silahlardır. Qərb də fəal şəkildə Ukrayna ordusuna yeni silahlardan necə istifadə etməyi öyrətməyə başlayıb. Bu, hər iki tərəf üçün çox dəqiq və çox vacib siqnaldır” – deyə o, əlavə edib.

Xodorkovski vaxtilə Rusiyanın neft nəhəngi Yukos-un baş icraçı direktoru olub və 2003-cü ildə dələduzluq və vergidən yayınma ittihamı ilə təqribən on il həbsə məhkum edilib. Dövrün Rusiyasının ən zəngin adamlarından biri olan Xodorkovski daha əvvəl müxalifət partiyalarını maliyyələşdirdiyini açıqlamışdı və buna görə də onun məhkəməsi siyasi hesab edilmişdi. 2013-cü ildə Putin tərəfindən əfv olunan Xodorkovski o vaxtdan xaricdə yaşayır.

Son xəbərlər
Digər xəbərlər