Füceyra Əmirliyi (BƏƏ) ilə Hindistanın Mumbay şəhəri arasında uzunluğu azı 2000 kilometr olan sualtı dəmir yolu çəkiləcək. Banker.az bildirir ki, bu barədə “Khaleej Times” nəşri məlumat yayıb.
Bu futurist meqalayihənin reallaşdırılmasına dair ambisiyalı planları Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları elan edib. Sualtı qatarlarla Hindistandan BƏƏ-yə sərnişinlər, müxtəlif mallar və təzə su, əks istiqamətdə isə neft daşınması nəzərdə tutulur.
“National Advisor Bureau Limited” konsaltinq şirkətinin idarəçi direktoru Abdulla Al Şeyxinin sözlərinə görə, bu layihə ikitərəfli ticarətin inkişaf etdirilməsinə yönəlib. Həmin sualtı yol ilə digər körfəz ölkələrinin də idxal və ixrac əməliyyatları aparması planlaşdırılır. Birinci mərhələdə həmin layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanacaq.