Biznes üçün lisenziya və icazə prosedurları təhlil ediləcək

Azərbaycanda bazar iştirakçılarının fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə biznesə tətbiq olunan iqtisadi, texniki və inzibati tənzimləmələr, o cümlədən lisenziya və icazə prosedurları yenidən təhlil ediləcək.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nda nəzərdə tutulub.

Plana əsasən, tədbir 2027–2028-ci illərdə həyata keçiriləcək. İlk mərhələdə təhlil aparılacaq məhsul bazarları müəyyən ediləcək. Həmin bazarlarda tətbiq olunan iqtisadi, texniki və inzibati tənzimləmələr, o cümlədən mövcud lisenziya və icazə prosedurları ayrıca müəyyənləşdiriləcək.

Növbəti mərhələdə müəyyən edilmiş tənzimləmə və prosedurların bazar iştirakçılarının fəaliyyət imkanlarına təsiri qiymətləndiriləcək. Bunun əsasında hansı istiqamətlərdə təkmilləşdirməyə ehtiyac olduğu müəyyənləşdirilərək prioritetləşdiriləcək.

Yekunda bazar iştirakçılarının fəaliyyət imkanlarının genişləndirilməsinə xidmət edən əsaslandırılmış təkliflər paketi hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcək. Sənəddə konkret olaraq hansı lisenziya və ya icazələrin dəyişdiriləcəyi, ləğv ediləcəyi və yaxud sadələşdiriləcəyi göstərilmir. Bu məsələlərin aparılacaq təhlillərin nəticələrinə əsasən müəyyənləşdirilməsi nəzərdə tutulur.

Tədbirin əsas icraçısı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi olacaq. İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti dövlət qurumları da prosesdə iştirak edəcək.

Milli Fəaliyyət Planında qeyd olunur ki, bu istiqamətin məqsədi bazar iştirakçılarının fəaliyyət imkanlarına təsir edən tənzimləmələrin təkmilləşdirilməsi və rəqabət mühitinin yaxşılaşdırılmasıdır. Sənəddə prioritet və strateji əhəmiyyətli məhsul bazarlarında rəqabət mühitinin diaqnostikasının aparılması da bu istiqamətin tərkib hissəsi kimi göstərilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər