Böyük Britaniya və Avropa ölkələrinin iqtisadiyyatı Hörmüz boğazında gəmiçiliyin oktyabra qədər tam bərpa olunmayacağı təqdirdə ilin sonunda ÜDM-in azalması riski ilə üzləşə bilər. Bu barədə Bloomberg agentliyi Baringa Partners konsaltinq şirkətinin qiymətləndirməsinə istinadən məlumat yayıb.
Analitiklərin fikrincə, ABŞ və İran arasında münaqişənin yeni mərhələsi səbəbindən Hörmüz boğazında gəmiçilik daha iki ay məhdud qalarsa, neft və qaz qiymətləri elə səviyyədə bahalaşacaq ki, bu, ilin yekununda Böyük Britaniya və Avropa iqtisadiyyatının mənfi artım göstərməsinə səbəb ola bilər.
“Avropalı idxalçılar hazırda bazara çıxaraq əvvəllər ödəməyə hazır olmadıqları qiymətlərlə qaz almağa məcburdurlar. Əks halda, qışda hamımız donacağıq”, — deyə Bloomberg Baringa Partners-in analitiki Kaspian Konranın sözlərindən sitat gətirib.
Agentliyin məlumatına görə, ABŞ və İsrailin İrana qarşı müharibəsindən əvvəl mayeləşdirilmiş təbii qazın (LNG) ixracına görə dünyada ikinci yeri tutan Qətər yaxın vaxtlarda Avropadakı müştərilərini qaz ixracı ilə bağlı fors-major vəziyyətinin oktyabrın ortalarınadək davam edəcəyi barədə xəbərdar etməyi planlaşdırır.
Bloomberg yazır ki, bu halda Avropanın yeraltı qaz anbarlarında yaranan yanacaq çatışmazlığını Qətərdən idxal hesabına aradan qaldırmaq imkanı olmayacaq.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyunda Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
Lakin iyulun 8-nə keçən gecə ABŞ Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların İran tərəfindən pozulduğunu iddia edərək ölkəyə qarşı genişmiqyaslı zərbələri yenidən bərpa edib.







