Bloomberg: Hörmüz boğazından keçən gəmilərin sayı 80% azalıb

ABŞ və İran arasında gərginlik fonunda daşıyıcıların narahatlığı səbəbindən ötən həftəsonu kommersiya gəmiləri Hörmüz boğazından daha az keçib. Bu barədə dəniz daşımalarını izləyən xidmətlərin məlumatlarına istinadən “Bloomberg” xəbər verir.

Məlumata görə, bazar günü boğazı hər iki istiqamətdə cəmi 12 gəmi keçib. Bu, tankerlərdən birinə hücumun baş verdiyi şənbə günü ilə müqayisədə iki dəfədən çox azdır. Həmin gün kommersiya gəmiləri su arteriyasını 28 dəfə keçmişdi.

Son eskalasiyadan əvvəl – iyunun 24-də isə boğazdan 58 gəmi keçib ki, bu da ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı fevralın sonundan bəri ən yüksək göstərici olub.

Agentliyin məlumatına görə, gəmi sahibləri arasında yaxın perspektivdə boğazda gəmiçiliyin gələcəyi ilə bağlı qarışıq əhval-ruhiyyə hökm sürür. Dəniz dəhlizinə doğru hərəkət edən bəzi gəmilər boğazdan keçmək cəhdindən imtina edib. Bloomberg-in sorğusunda iştirak edən gəmi sahibləri bildiriblər ki, hələlik boğaz vasitəsilə daşımalarla bağlı planlarını dayandırıblar.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələri İranda bir neçə hərbi obyektə prezident Donald Trampın göstərişi ilə yeni zərbələr endirmişdi.

Komandanlığın bəyanatında qeyd olunurdu ki, zərbələr iyunun 25-də İranın kommersiya gəmisinə hücumuna cavab olaraq həyata keçirilib. Komandanlığın iddiasına görə, iyunun 27-də ikinci hücum baş verib – kamikadze pilotsuz uçuş aparatı Panama bayrağı altında üzən “M/T Kiku” tankerini vurub.

Növbəti gün ABŞ və İran qarşılıqlı zərbələrin dayandırılması və Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün iyunun 30-da Dohada məsləhətləşmələrin keçirilməsi barədə razılığa gəlib. Bu barədə “Axios” portalının jurnalisti Barak Ravid öz mənbələrinə istinadən məlumat verib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər