Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco” daşınmaz əmlakla bağlı aktivlərin satışı hesabına 10 milyard dollardan çox vəsait cəlb etməyi planlaşdırır. Bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Məlumata görə, “Saudi Aramco” şirkətin baş qərargahının yerləşdiyi Əş-Şərqiyyə əyalətinin Dəhran şəhərindəki istehsal və inzibati kompleks ərazisində yerləşən obyektlər də daxil olmaqla daşınmaz əmlak aktivlərini satmağı planlaşdırır.
Agentliyin mənbələrinin sözlərinə görə, neft nəhəngi artıq mümkün razılaşma ilə bağlı ilkin danışıqlar aparıb. Bildirilir ki, şirkət aktivləri satdıqdan sonra onları geri icarəyə götürmək variantını nəzərdən keçirir. Bu addım ona kapitalı azad etməyə və eyni zamanda həmin daşınmaz əmlakdan istifadəni davam etdirməyə imkan verəcək.
Bundan əlavə, “Saudi Aramco” bir sıra digər layihələr üzərində də işləyir. “Bloomberg” xüsusilə neft ixracı və saxlanması terminallarındakı paylarla, qaz elektrik stansiyaları ilə və su infrastrukturu bölməsi ilə bağlı layihələri qeyd edib.
Agentlik vurğulayıb ki, danışıqlar hələ davam edir və yekun qərar hələ qəbul edilməyib.







