BMT Təhlükəsizlik Şurası ABŞ və Albaniyanın təşəbbüsü ilə İranda insan haqlarının pozulması ilə bağlı qeyri-rəsmi iclas keçirəcək.
Toplantı noyabrın 2-də baş tutacaq.
İclasda İranda insan haqlarının pozulması ilə bağlı etibarlı və müstəqil araşdırmaların aparılması yolları ilə bağlı müzakirələr olacaq.
Toplantıda İrandan olan Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi və İranəsilli aktrisa və fəal Nazanin Boniadinin brifinq keçirməsi planlaşdırılır.
Müzakirələrdə həmçinin BMT-nin İranda insan haqları üzrə məruzəçisi Cavid Rəhmanın da çıxışı nəzərdə tutulub.
Məlumata görə, toplantıda İranda qadınlara, qızlara, dini və etnik azlıqların nümayəndələrinə qarşı repressiyalara xüsusi diqqət yetiriləcək.
Xatırladaq ki, İran əxlaq polisi sentyabr ayında 22 yaşlı Məhsa Əminiyə hicab qaydalarına riayət etmədiyinə görə təzyiqlər göstərib və onu qətlə yetirib. Bundan sonra ölkədə kütləvi etirazlar başlayıb. Rəsmi Tehran etirazları amansızlıqla yatırıb, eləcə də internetin bağlanması da daxil olmaqla digər məhdudlaşdırıcı tədbirlərə əl atıb. Yerli hüquq müdafiəçiləri ən azı 185 nəfərin öldürüldüyünü bildirirlər.