9 C
Baku
Friday, December 13, 2024

Böhran dövründə adaptiv liderliyin 5 prinsipi

COVID-19 pandemiyası hələ də davam edir və liderlər informasiya çatışmazlığı və qeyri-müəyyənlik olduğu bir mühitdə qərar qəbul etməlidirlər. Onlar tez bir zamanda bütün suallara cavab tapmalıdırlar, eyni zamanda böhranın səhiyyə, iqtisadiyyat, cəmiyyət, siyasət və mədəniyyət sahəsinə böyük zərbə vurduğunu başa düşməlidirlər. 

Böhranla uğurla mübarizə aparmaq üçün adaptiv liderliyə ehtiyac var, o isə özündə aşağıdakıları birləşdirir:

– gələcək vəzifə və imkanları proqnozlaşdırmaq;

– başqalarının bu vəzifələri başa düşməsi və yerinə yetirə bilməsi üçün onlar haqqında məlumat vermək;

adaptasiya olmaq (uyğunlaşmaq), zərurət yarandıqda planları dəyişdirmək;

açıq olmaq, qərar qəbul etmə prosesini mümkün qədər şəffaf etmək və tənqidə hazır olmaq;

Pandemiyaya adekvat cavab verən təşkilatlar bunların hamısını edirlər. Nümunə üçün AstraZeneca əczaçılıq şirkətinə nəzər yetirək. O, Çindəki ofisi sayəsində yeni virus haqqında digərləri ilə müqayisədə daha tez xəbərdar oldu, gələcək vəzifə və problemlərin qarşısını almağa çalışdı. Sonra isə bu vəzifələri hər kəsə izah etdi və yeni şərtlərə uyğunlaşdı: COVID-19 ilə bağlı yaranan problemləri həll etmək üçün yeni biznes-modellər təqdim etdi, əməkdaşlıqlar yaratdı (məsələn, peyvənd ixtira etmək, müalicə metodlarını kəşf etmək, skrininq, diaqnostikada süni zəkadan istifadə etmək). Bəlkə, əsas məsələ bu şirkətin açıqlığa meylli olmasıdır? 

Biz mövcud böhranı fərqli tərəflərdən gördük. ÜST-nin mərkəzində işlədik, yüksək səviyyəli məmurlara məsləhət verdik və inkişaf etmiş ölkələrə pandemiya ilə mübarizə aparmağa kömək etdik, onlara humanitar yardım göstərdik. Bununla da, COVID-19 pandemiyası zamanı adaptiv liderliyin beş ümumi prinsipini müəyyən etdik.

1. Faktları öyrənmək, təhlil etmək və onlara uyğun hərəkət etmək

Adaptiv liderlik komanda və şirkətlərdən davamlı olaraq fəaliyyətlərini qiymətləndirmələrini və keçmiş qərarların nəticələri barədə yeni məlumatlar əldə edildikdə, onları dəyişdirməyə hazır olmağı tələb edir. Hər şey dəqiq şəkildə tənzimlənməlidir: ən yaxşı həll yollarını müəyyənləşdirmək, məlumatları toplamaq, onlara əsasən planlaşdırma aparmaq, müvəffəqiyyətin və uğursuzluğun meyarlarını tapmaq, mövcud vəziyyəti daim izləmək. Bundan əlavə, ümumi alqoritmə də ehtiyac var: yeni informasiya və tendensiya davranışa necə təsir göstərəcək. 

Biz sosial təhlil və adaptasiyanın epidemiyalarla mübarizə zamanı ən vacib elementlərə çevrilə biləcəyini müəyyən etdik – məsələn, Ebola epidemiyası təzə-təzə “alovlanmağa” başlayanda. İnsanların təbii çiçək xəstəliyinə qalib gəlməsi isə bizə strateji uyğunlaşmanın nə qədər vacib olduğunu göstərir. 

Lakin ən təsirli təhlil açıq və geniş olmalıdır. Məsələn, Almaniya hökuməti məsləhətləşmələrə təkcə həkimlər və epidemioloqları deyil, eyni zamanda sosioloqları, filosofları, teoloqları və hüquqşünasları da cəlb etdi. O, mürəkkəb bir problemi həll etməli idi – insanların sağlamlığına zərər vermədən cəmiyyəti açmaq.

2. Nəzəriyyələri, fərziyyələri və inancları yoxlamaq

Banklar və digər böyük qurumlar gələcək böhranlara hazır olmaq üçün mütəmadi olaraq diaqnostik müayinələr aparırlar. Nəzərə almaq lazımdır ki, istənilən fikir və ya fərziyyə hərtərəfli təhlil edilməlidir, araşdırılmalıdır. 

Məsələn, Boston Consulting Group COVID-19 ssenarilərinin planlaşdırılmasına ən sistematik və ən ciddi yanaşmalardan birini inkişaf etdirmişdir. Şirkət biznesə qərar qəbul etmə prosesinin əsasında vahid “proqnoz və reaksiya” modelindən istifadə etməyi tövsiyə etdi. Bu ssenarilər səhiyyə sektorundakı qeyri-müəyyənliyi, hökumət tədbirlərinin təsirini, ümumi iqtisadi mühiti və müəyyən seqmentdəki tələb proqnozlarını nəzərə alır.

3. Qərar qəbul etmə sistemini sadələşdirmək

Liderlərin üzləşdikləri əsas çətinliklərdən biri də COVID-19 haqqında məlumatların daim dəyişməsi və əksər hallarda bir-birinə zidd olmasıdır. Bu səbəbdən onlar təhlükə olduqda dar düşünməyə meyllidirlər. 

Buna görə tutduğu vəzifədən asılı olmayaraq, hər bir lider fərziyyələrində nəyə güvəndiyini yaxşı başa düşməlidir. O, qərarları necə qəbul etdiyini izah etməlidir. Pandemiya zamanı daha təsirli tədbirlər görməyi bacaran ölkələr (Cənubi Koreya, Tayvan, Almaniya, Vyetnam), qərar qəbul etmə prosesini dəyişdirmək üçün katalizator kimi böhrandan istifadə etdilər. Beləliklə, qərar qəbul etmə prosesi daha dinamik, çevik və açıq oldu. Bundan əlavə, səhiyyədən tutmuş nəqliyyata qədər müxtəlif sistemlərin inteqrasiyası təkmilləşdirildi ki, bu da informasiya mübadiləsi və koordinasiyaya, o cümlədən genişmiqyaslı planlaşdırmaya gətirib çıxardı.

4. Şəffaflığı, bərabərliyi və məsuliyyəti gücləndirmək

Müxtəlif ölkələrdə insanlardan davranışlarını kəskin şəkildə dəyişdirmək tələb olunur və bu, həm cəmiyyətə, həm də hökumətə çox baha başa gəlir. Nəzərə almaq lazımdır ki, dərin təhlil aparmaq üçün hərəkətləri real vaxtda qiymətləndirmək tələb olunur. Bu qiymətləndirmə şirkət işçilərindən tutmuş adi sakinlərə qədər bütün tərəflərin maraqlarını əhatə etməlidir. 

Ən yaxşı adaptiv liderlər (şirkət rəhbərləri, məmurlar və təşkilatçılar) səhvə yol verə bildiklərini başa düşürlər və hər kəsə səhvlərindən dərs çıxarmağı öyrədirlər. Məsələn, İngiltərənin Milli Səhiyyə Xidməti, COVID-19 ilə mübarizədə institusional səbəblərdən əsasən qaradərili xəstələrin, o cümlədən milli azlıqlar nümayəndələrinin zərər çəkdiyini vurğulayır. Bu, ən yüksək səviyyədə qəbul olundu: nə qədər çətin olsa da, indiki an dünyanın “əsaslı dəyişiklik üçün başlanğıc nöqtə”si olmalıdır. 

Pandemiyaya qarşı mübarizə marafona bənzəyin, məhz buna görə də baş verənlərin hamısını qiymətləndirmək, strateji prioritetləri müəyyənləşdirmək, qazandığımız bilikləri isə başqaları ilə bölüşmək lazımdır. Liderlər qarşılarına məqsəd qoymalıdırlar: hər mərhələdə düşüncələrini komandaya izah etmək və öz nümunəsində auditoriya ilə necə əlaqə qurmaq lazım olduğunu göstərmək. Üstəlik, səhvə yol verdiyini etiraf edən lider səmimiyyət, psixoloji təhlükəsizlik və qarşılıqlı inam mühiti yaradacaqlar ki, bunun sayəsində böhrana daha təsirli reaksiya vermək mümkün olacaq.

5. Bütün cəmiyyəti səfərbər etmək

COVID-19 pandemiyası təkcə səhiyyə deyil, eyni zamanda iqtisadi, sosial və siyasi böhrandır. Mürəkkəb sistemdə problemləri həll etmək üçün davranışı, motivasiyanı və ayrı-ayrı qruplar arasındakı münasibətləri dəyişdirmək lazımdır. Bu səbəbdən pandemiya ilə uğurla mübarizə aparmaq dedikdə, müxtəlif sektorlardakı ekspertlərin birləşməsi nəzərdə tutulur. Lakin təcrübədə bunun çox da asan olmadığını gördük. 

Kollektiv fəaliyyət koordinasiya (məsələn, bir neçə şirkətin birgə işi), müxtəlif maraqlı tərəflərin əməkdaşlığı (deyək ki, biznes və şəhər) və ya dialoq şəklində ola bilər. Adaptiv liderlər kollektiv fəaliyyətin istiqamətinin müəyyən edilməsində əsas rol oynayırlar. Bu, düşüncəni genişləndirir, əhatəliliyi artırır və qərarlara görə daşıdığımız məsuliyyət hissini gücləndirir. 

Dünyada hökumət, biznes və qeyri-kommersiya təşkilatlarını birləşdirən bir çox maraqlı proqramlar keçirilir. Məsələn, Böyük Britaniyada dövlət xəstəxanalarının imkanı tükənəndən sonra qısa müddətdə özəl xəstəxanaların ödənişli icarəsi haqqında müqavilə bağlandı. Bu, çarpayıların və avadanlığın sayını sürətlə artırmağa kömək etdi. 

Böhran dövründə verəcəyimiz qərarlar, önümüzdəki illər ərzində əhəmiyyətli nəticələrə səbəb olacaqdır. Adaptiv liderliyin beş prinsipi atmalı olduğunu addımları müəyyənləşdirməklə yanaşı, uzunmüddətli bərpa prosesinə və sabitliyə təsir göstərir. Dünyanın gələcəyi qeyri-müəyyəndir, lakin yaradıcılığın da əsas mənbəyi məhz qeyri-müəyyənlikdir. 

 

Son xəbərlər
Digər xəbərlər