12 C
Baku
Thursday, March 28, 2024

Böhrandan sonrakı iqtisadiyyata hazırlıq

Listinq alternativ maliyyələşmə yolu kimi ucuz və iri həcmli vəsaitlərə çıxışı təmin edə bilər

Dünya iqtisadiyyatına ciddi zərbə vurmuş qlobal maliyyə böhranının başa çatmaqda olduğu bidirilir.

Bir sıra inkişaf etmiş ölkələrin ilin ikinci rübündə ümumi daxili məhsullarının artması dünya iqtisadiyyatının tənəzzüldən çıxmağa doğru olduğunu göstərir. Azərbaycan iqtisadiyyatına böhran təsirsiz ötməsə də, iqtisadiyyatımız böhrana davamlılığını nümayiş etdirmişdir.

Böhran baş verərkən hökumət maliyyə sektorunda tənzimləmələri gücləndirdi. Görülmüş tədbirlərin nəticəsidir ki, şirkətlərin bağlanması, işçilərin kütləvi ixtisar edilməsi, ölkənin əsas iqtisadi göstəricilərinin azalması kimi xoşagəlməz hallar baş vermədi. İndi böhranın sona çatması bildirilirsə və 2010-cu ildən başlayaraq daha yüksək iqtisadi artımların baş verəcəyi gözlənilirsə, böhrandan sonrakı iqtisadiyyatın tələbləri öyrənilməli və həmin dövrə hazırlaşılmalıdır.Təcrübə göstərir ki, böhrandan sonra şirkətlərin maliyyə vəsaitlərinə ehtiyacı yaranır, alternativ maliyyələşmə yolları axtarılır.

Dövlətin iqtisadi siyasətinin aparılmasında önəmli yeri olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi böhrandan sonrakı iqtisadiyyatın maliyyə vəsaitlərinə ehtiyacı olacağını nəzərə alaraq listinqi alternativ maliyyələşmə yolu kimi irəli sürür. Bu məqsədlə Bakı Fond Birjasının yeni listinq qaydaları işlənib hazırlanmış və avqust ayının 1-dən qüvvəyə minmişdir.

Yeni qaydalarda listinqin 2 səviyyəsi müəyyən olunmuşdur: birinci səviyyəli kotirovka vərəqəsi, ikinci səviyyəli kotirovka vərəqəsi. Birinci səviyyəli kotirovka vərəqəsinə ən azı 3 illik fəaliyyət tarixi olan, son 3 ildə iflas proseduru ilə üzləşməmiş yerli və xarici ASC-ləri və QSC-ləri daxil ola bilərlər. Həmçinin bu səviyyəyə daxil olmaq istəyən şirkətin minimum 5 mln. manat kapitalı, son 3 ilin hər biri üzrə xalis mənfəəti, mühasibat hesabatlarının beynəlxalq standartlarının və beynəlxalq auditin tətbiqinə 3 il bundan əvvəl başlamış olmalıdır. Müstəqil direktorun mövcudluğu, dayanıqlı menecment, şəffaflıq, daxili audit komitəsinin olması, qiymətli kağızların reyestrinin peşəkar reyestrsaxlayıcı tərəfindən aparılması və s. əsas tələblərdəndir.

İkinci səviyyəli kotirovka vərəqəsinə bir il fəaliyyət tarixi olan, kənar auditdən keçən və məlumatların açıqlaya biləcək yerli ASC, QSC və MMC-lər daxil ola bilərlər.

Bakı Fond Birjasında qiymətli kağızların listinqdən kənar ticarəti də mümkündür. Listinqdən keçə bilməyən şirkətlərin qiymətli kağızları birjada qeyri-kotirovka vərəqəsinə daxil edilərək satıla bilər. Qeyri-kotirovka vərəqəsinə daxil olmaq üçün isə şirkət öz qiymətli kağızlarının buraxılışını dövlət qeydiyyatından keçirməlidir.

Yeni qaydalar qiymətli kağızlar bazarının inkişafını təmin edərək birja əməliyyatlarının həcmini artırmaqla bərabər, ölkəmizdə auditin önəmini artırır. Bu qaydalar eyni zamanda mənfəətin gizlədilməsi, səhmdarların aldadılması kimi problemlərin tədricən aradan qalxmasına start verəcək, məlumatlar açıqlanmaqla şirkətlərin şəffaflığı təmin olunacaqdır.

Sentyabr ayının 29-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Beynəlxalq Maliyyə Korporasiyasının təşkilatçılığı ilə Bakı Fond Birjasının yeni listinq qaydalarının təqdimatına həsr olunmuş “Listinq: alternativ maliyyələşmə yolu” mövzusunda seminar keçirilmişdir. Seminarın açılış sessiyasında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı yeni listinq qaydalarının təqdimatının qlobal maliyyə böhranın sona çatdığı, dünya iqtisadiyyatının tənəzzüldən çıxdığı bir vaxta təsadüf etdiyini bildirdi. Böhran zolağından çıxmaq strategiyasının düşünülməsinin vacibliyini qeyd edən sədr böhrandan sonra alternativ maliyyələşməyə böyük ehtiyac olacağını da söylədi. O, kapital cəlb etməyə yaranacaq tələbi qarşılamaqda listinqin imkanlarını önə çəkdi.

Dövlət Neft Fondunuun icraçı direktoru Şahmar Mövsümov iqtisadi inkişafın inqilabi deyil, dayanıqlı olmasının vacibliyini qeyd etdi. Azərbaycan iqtisadiyyatının davamlı iqtisadi inkişaf yolunda olduğunu söyləyən Şahmar Mövsümov maliyyə sektorumuzda olan davamlılığı xüsusilə vurğuladı. Hazırda öz əməliyyatlarını ölkə kənarında həyata keçirən Neft Fondu gələcəkdə Bakı Fond Birjasında da əməliyyatlara başlamağı planlaşdırır. İcraçı direktor bildirdi ki, bunu üçün Azəbaycanda fond birjasının geniş fəaliyyəti və kifayət qədər əqdlərin olması təmin edilməlidir.

Beynəlxalq Maliyyə Korporsiyasının (İFC) Azərbaycan ofisinin rəhbəri Aliyə Əzimova kapital bazarlarının inkişafına diqqət yetirdiklərini bildirdi. O, listinqin korporativ idarəetmə, məlumatların açıqlanması, şəffaflıq baxımından vacibliyini qeyd edərək, bu sahənin inkişafına maliyyə və texniki yardım göstərilməyə hazır olduqlarını söylədi.

Bakı Fond Birjasının İdarə Heyətinin sədri Xəyal Abdinov qiymətli kağızlar bazarı vasitəsilə kapitalın cəlb edilməsindən danışdı. O, həmçinin qeyd etdi ki, listinq rüsumlu xidmət olmasına baxmayaraq cari ilin sonuna qədər listinqə daxil olmaq istəyən şirkətlər rüsum ödəmiyəcəklər.

Açılış sessiyasının ardınca listinqin mahiyyəti, üstünlükləri, BFB-nın yeni listinq qaydaları, yerli şirkətlərin London və İstanbul fond bircalarına çıxması imkanları haqqında məlumat verildi. Mövcud investorların marağının qorunması, yeni investorların cəlbi və qabaqcıl şirkət reputasiyasının qazanılması baxımından listinqin əhəmiyyəti vurğulandı.

Əksər oxuyucularımızın listinqin nə olduğunu bildiyi şübhəsizdir. Belə ki, listinq- şirkətin qiymətli kağızlarının fond birjasının kotirovka vərəqəsinə daxil edilməsi və birjada ticarətə buraxılması prosedurudur. Şirkət listinqə səhmləri və istiqrazları ilə daxil ola bilər. Listinqin əsas üstünlüyü daha ucuz və iri həcmli vəsaitə çıxışdır. Əgər kredit faizinin dərəcəsini kredit riski, zaman premiumu, depozit faizi, bank marjası və xidmət xərcləri formalaşdırırsa, istiqraz faizi daha az – kredit riski, zaman premiumu və bazara çıxış xərcləri əsasında əmələ gəlir. Nəticədə də kreditin faiz dərəcəsi 25-26 faiz olduğu halda istiqraz faizi 15-16 faiz olur.

Son xəbərlər
Digər xəbərlər