Azərbaycanda fəaliyyət göstərən 19 yaşlı BOKT “Qafqaz-Kredit” MMC 2020-ci il üzrə mənfəət əldə etsə də, nəticə öncəki ildən xeyli geri qalıb.
Banker.az xəbər verir ki, BOKT 2020-ci ildə 219 min manat faiz gəliri (2019: 181 min manat), faiz xərcləri 9 min manata yaxın olmuş (2 min) və BOKT 210 min manat xalis faiz gəliri əldə etmişdir.
Digər qeyri-faiz gəlirləri və xərcləri çıxıldlqdan, həmçinin 43 min manatlıq ehtiyata ayırmalardan sonra BOKT-un mənfəəti 14.6 min manat təşkil etmişdir. Buradan da, 2.9 min manat gəlir vergisi ödəmiş və illik 11.7 min manat xalis mənfəət əldə etmişdir. 2019-cu ildə xalis mənfəət 31.2 min manat idi.
BOKT 2020-ci ilin sonuna aktivlərinin həcmini 1 milyon 289.9 min manata qədər böyüdə bilmişdir. Aktivləri əllərindəki vəsaitlərin 200 min manatını banklara qoymaqla, müştərilərə verdiyi kreditin həcmini isə 965 min manata (817.7 min idi) qaldırmaqla nail olublar.
“Qafqaz-Kredit” öhdəliklərini son ildə 282.2 min manatdan 420.4 min manata qaldırıb. Bu artıma səbəb isə maliyyə institutlarına olan borcunun 268.9 min manata qədər artırılmasıdır.