10 C
Baku
Friday, December 13, 2024

Bolqarıstanda Rusiya-Ukrayna böhranı: Müdafiə nazirinin istefası tələb olunur

Bolqarıstanın Baş Naziri Kiril Petkov hökümətin növbədənkənar sessiyasını çağıraraq Rusiyanın Ukraynaya hücumunu israrla “müharibə” deyil, “müdaxilə” olaraq qiymətləndirən, bununla da ictimai qınağa tuş gələn müdafiə naziri Stefan Yanevin istefa verməyini istəyib.

Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Petkov Nazirlər Şurasının iclası öncəsi brifinqdə mətbuata verdiyi açıqlamasında “Rusiya və Ukrayna tərəfindən minlərlə insan itkisi olduğu halda mənim hökümətimdə bir nazir “müharibə” yerinə “müdaxilə” ifadəsini işlədə bilməz. Rusiya bizim Aİ və NATO ilə birlik içində olduğumuzu bilməlidir”-deyə, bildirib.

Yanevin sosial mediadakı paylaşımları ilə özbaşına ölkənin xarici əlaqələrini yönləndirməyə çalışdığını deyən Petkov bunları əlavə edib:

“Heç bir nazir Facebook vasitəsilə özbaşına xarici siyasət təşəbbüsləri göstərə bilməz. Bolqarıstanın siyasəti “qılınc kəsməz” deyə başını əymək deyil. Belə bir münasibət milli maraqlarımıza uyğun gəlmir. Son gecədə yenə minlərlə vətəndaşımız Ukraynada atəş altnda qaldı. Bu müharibə sona çatmalıdır. Buna görə Yanevin istefasını istəyirəm”.

Hökümətin tərkibindəki 4 koalisiyanın da Yanevin istefası mövzusunda həmfikir olduğunu sitat gətirən Petkov “Sabah parlamentdə keçiriləcək növbədənkənar sessiyada yeni müdafiə nazirimiz təyin ediləcək”- ifadələrini qeyd edib.

Petkov hökümətin növbədənkənar sessiyasında Ukraynadan 140 Bolqarıstan vətəndaşının təcili təxliyəsi, Ukraynaya əsgəri-logistik dəstək və Rusiyanın nüvə müdafiə sisteminin hazır vəziyyətə gətirilməsinin gündəmə gətiriləcəyini bildirib.

Təqaüddə olan general müdafiə naziri Stefan Yanev 2022-ci ilin əvvəlində vəzifəyə başlayan Kiril Petkov höküməti öncəsi 2021-ci ilin ikinci yarısında üst-üstə edilən 3 seçki dönəmində Prezident Rumen Radevin qurduğu texnokratlar hökümətinin Baş Naziri olmuşdu.

Yanev Rusiyanın Ukraynaya qarşı hücumunun “qətiyyən müharibə olmadığı” fikrini müdafiə etdiyinə görə ictimaiyyət və siyasi mühit tərəfindən tənqid olunmuşdu. Siyasi mühit və cəmiyyət tərəfindən istefaya çağırılan Yanev istefasının iqtidar koalisiyasının balansını pozacağını irəli sürərək Rusiya tərəfdarı fikirlərini sosial mediada paylaşmağa davam etmişdi.

Son xəbərlər
Digər xəbərlər