Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiyaya qarşı yeni enerji sanksiyalarının tətbiq ediləcəyini, həmçinin Ukrayna atom elektrik stansiyalarının iki il ərzində yanacaqla təmin olunmasına dair saziş bağlandığını açıqlayıb. O, bu barədə G7 sammitində tərəfdaşlarla görüşü zamanı məlumat verib.
“Politico” nəşrinin yazdığına görə, Böyük Britaniyanın yeni sanksiyalar paketi Rusiyanın kölgə donanmasına qarşı yönələcək. Bundan əlavə, məhdudiyyətlər sanksiyalardan yayınmaq üçün istifadə olunan maliyyə şəbəkələrini də əhatə edəcək. Tədbirlər çərçivəsində sanksiya altında olan Rusiya mayeləşdirilmiş təbii qazını daşıyan bir neçə gəmiyə qarşı embarqo tətbiq olunacaq.
Cənab Starmer həmçinin Britaniyanın “Urenco” şirkətinin Ukraynanın “Energoatom” müəssisəsinə zənginləşdirilmiş uran tədarük edəcəyini nəzərdə tutan sazişi alqışlayıb. Sazişin icrası Böyük Britaniyanın “UK Export Finance” tərəfindən maliyyələşdiriləcək. Layihə üçün 210 milyon funt sterlinq ayrılacaq.
İyunun 14-də Böyük Britaniya Silahlı Qüvvələri Britaniya hakimiyyətinin Rusiyanın kölgə donanmasına aid etdiyi “Smyrtos” tankerini saxlayıb. Gəmi La-Manş boğazından keçməyə cəhd göstərib. Rusiyanın Londondakı səfirliyinin məlumatına görə, tankerin göyərtəsində Rusiya vətəndaşları olmayıb.
G7 sammiti iyunun 15-dən 17-dək Fransanın Evian şəhərində keçirilir. Fransa, Böyük Britaniya, Kanada, Almaniya, İtaliya, Yaponiya, ABŞ və Avropa İttifaqı rəhbərlərinin gündəliyində Yaxın Şərq və Ukraynadakı hərbi əməliyyatların müzakirəsi yer alır.







