-1 C
Baku
Saturday, December 14, 2024

BP AÇG-də “deep-gas” üzrə hasilata dair planlarını açıqlayıb

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı “Dərin qaz” (“deep-gas”) laylarında olan ehtiyatları çıxarmaq üçün ilk quyunu qazılması bu il üçün planlaşdırılır.

Bunu “BP-Azerbaijan” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı bildirib.

Onun sözlərinə görə, BP və tərəfdaşları “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun istismarda olan neft laylarının alt laylarında qaz ehtiyatlarının olduğunu əvvəlcədən də bilirdi: “Ancaq bilgilərimizi daha da genişləndirmək, dərinləşdirmək və qiymətləndirmək lazım idi. Bu ehtiyatlar haqqında əlavə məlumat toplamaq lazım idi. Ona görə də 2023-cü ilin fevral ayında məlumat toplamaq məqsədi ilə qiymətləndirmə quyusunu qazmağa başladıq. Biz həmin quyunu təqribən 3 aya qazdıq”.

T. Bayatlı qeyd edib ki, aprel ayında qazma işləri yekunlaşıb: “Bunun nəticəsində çox geniş məlumatlar toplanaraq təhlilə göndərilib, laboratoriyalarda işlənib. Gözlədiyimiz kimi, qaz ehtiyatlarının olması öz təsdiqini tapıb. Ancaq o haqda əlavə məlumatlar, nəticələr ciddi təhlil olunmalı və qiymətləndirlməli idi”.

“BP-Azerbaijan” rəsmisi bildirib ki, hazırda həmin qiymətləndirmə işləri davam edir: “Bununla belə dəqiq bilirik ki, quyunun nəticələri ümidvericidir, yaxşıdır. Bu il üçün ilk qaz hasilatı quyusunun qazmağa başlanılması ilə bağlı planlar qurulur. Yəni AÇG-nin dərin laylarında olan qaz ehtiyatlarını çıxarmaq üçün ilk quyunu qazmaq planlaşdırılır. Hazırda da işlər bu istiqamətdə davam edir”.

T. Bayatlı əlavə edib ki, hazırda qiymətləndirmə quyusundan əldə olunan nəticələr təhlil olunur, qiymətləndirilir, həmçinin qaz hasilatı quyusunun qazılması üçün planlaşdırma işləri aparılır.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30.37%), SOCAR (25%), “MOL Group” (9.57%) INPEX (9.31%), “Equinor” (7.27%), “ExxonMobil” (6.79%), TPAO (5.73%), ITOCHU (3.65%), “ONGC Videsh Limited” (OVL) (2.31%) pay sahibidir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər