Brent markalı neftin qiyməti son bir ayda ilk dəfə olaraq 85 dollar/barel həddini keçib.
Ticarət məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 04:23-ə olan məlumata görə, Brent markalı neftin sentyabr fyuçersinin qiyməti 2,81% artaraq 85,64 dollar/barel səviyyəsinə yüksəlib. Brent nefti sonuncu dəfə iyunun 15-də 85 dollardan yuxarı ticarət olunmuşdu.
Saat 08:32-yə olan məlumata görə isə artım tempi zəifləyib və qiymət 1,75% yüksələrək 84,76 dollar/barel təşkil edib.
Brent nefti ikinci gündür ardıcıl olaraq bahalaşır. Bazar ertəsi ticarətin yekununda kotirovkalar 9,59% artaraq 83,3 dollar/barel səviyyəsinə çatmışdı.
Bu arada OPEC 2026-cı il üzrə qlobal neftə tələbat proqnozunu 106,13 milyon barel/sutkadan 105,94 milyon barel/sutkaya endirib və hazırkı təklif çatışmazlığının demək olar ki, iki dəfə azaldığını qeyd edib.
Citi analitikləri isə bildiriblər ki, ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazından keçən gəmilər üçün ödəniş tətbiq edilməsi təşəbbüsü regionda hərbi eskalasiya riskini əhəmiyyətli dərəcədə artırır.
Bankın analitiklərinin fikrincə, həmçinin İranın ABŞ-də aralıq seçkiləri başa çatana qədər qarşılıqlı anlaşma memorandumundan imtina etməsi ehtimalı da yaranıb. CNBC-nin istinad etdiyi Citi-nin səhər icmalına görə, belə bir ssenari neft qiymətlərinin uzun müddət yüksək səviyyədə qalmasına səbəb ola bilər.







