10 C
Baku
Friday, December 13, 2024

Britaniyanın Gədəbəydə qızıl çıxaran şirkətinin mənfəəti kəskin düşüb – Xərclərinin bu səbəbdən artdığını deyir!

Böyük Britaniyanın Azərbaycanda fəaliyyətdə olan mədən şirkəti “Anglo Asian Mining plc” 2023-cü ilin ilk yarısında $30.8 milyon cəmi gəlir əldə edib. Bu da şirkətin gəlirlərinin illik müqayisədə 2.22 faiz azaldığını göstərir.

Banker.az bu barədə şirkətin yarımillik hesabatına istinad edir.

Bildirək ki, “Anglo Asian Mining” 2021-ci ilin eyni dövründə $43.5 milyon, 2022-ci ildə isə $31.5 milyon cəmi gəlir əldə etmişdi.

Şirkətin cari ilin birinci yarısında gəlirlərinin azalmasına onun qızıl külçə satışlarının azalması səbəb olub. Belə ki, şirkət hesabat müddətində 10 506 unsiya qızıl hasil edərək satıb. 2022-ci ilin eyni dövründə bu rəqəm 11 273 unsiya idi. Hətta 2021-ci ildə mədən şirkəti 19 582 unsiya sarı metal hasil edərək satmışdı.

Lakin digər tərəfdən müsbət məqam ondan ibarətdir ki, “Anglo Asian Mining” 2023-cü ilin birinci rübündə qızılın bir unsiyasını $1 939-a ticarət edib. Bu, 2021-ci ildəki qiymətdən ($1 776/unsiya) 9 faiz, 2022-ci ildəki qiymətdən ($1 901/unsiya) isə 2 faiz bahadır.

2022-ci ildən başlayaraq şirkət açıqlama verir ki, artıq onlar əsas fəaliyət istiqamətində bir qədər dəyişiklik etməklə, mis hasilatına daha çox üstünlük verəcəklər və bu, hesabatda özünü aydın əks etdirib. Belə ki, şirkət hesabat müddətində $10.4 milyonluq mis satıb. Eyni zamanda şirkət 2022-ci ildə sənaye metalından $9.8 milyon gəlir əldə edib.

“Dövr üzrə nəticələrimiz qənaətbəxş idi və gözləntilərə uyğun idi”,– deyə şirkətin baş icraçı direktoru Reza Vaziri deyib.

Beləliklə, Böyük Britaniya şirkətinin vergiyəqədərki mənfəəti $1.4 milyon təşkil etməklə 2022-ci ilin eyni dövründə qeydə alınan $5.7 milyondan xeyli aşağıdır.

Şirkət açıqlamasında deyir ki, “aşağı dərəcəli filizin emalı xərclərinin artması səbəbindən satışın maya dəyəri $4.8 milyon artıb”.

 

Son xəbərlər
Digər xəbərlər