2023-cü ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) üzrə əməliyyat xərclərinə təxminən 59 mln. dollar, əsaslı xərclərə isə 18 mln. dollar vəsait xərclənib.
BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin birinci yarısının nəticələrinə dair dərc etdiyi hesabatına əsasən, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2023-cü ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 546 mln. tondan çox (4.1 mlrd. barel) xam neft nəql edilmiş və Ceyhanda 5402 tankerə yüklənərək dünya bazarlarına göndərilib.BTC-nin ümumilkdə 4 milyard barel neft ixracına nail olması əlamətdar bir uğur kimi 18 yanvar 2023-cü il tarixində qeyd edilib.
“İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 15 mln. ton (təxminən 114 mln. barel) xam neft və kondensat Ceyhan terminalında 158 tankerə yüklənib və yola salınıb”, – hesabatda bildirilir.
Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.